Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-123/2021 11.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və borclu Şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 40 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs xx xxxxxxx 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30manat və xx xxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin hər ay tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir şəhər Məhkəməsinin 2(051)-358/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımi qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-358/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 30 manat, cəmi 60 manat aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda 6000 manat aliment borcu yaranmışdır. O, hazırda borcdan heç bir ödəniş edə bilmir. Həmin borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. Hazırda İİİ qrup əlil olduğuna görə pensiya alır. Həmin alimentin ödənilməsinin təmin olunması üçün pensiyasının 100 faizinin tutulub tələbkara verilməsii istəyir. Qalab borcu isə işləyib hissə-hissə ödəyəcək. Buna görə də barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X1 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-358/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 600 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Hazırda Şəxs 6000 manat borcu var və borcundan heç bir ödəniş etməmişdir. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Borclu və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Z.Rzayein əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs ona aliment təyin edildikdən sonra lazımi qaydada ödəniş etməmiş yalnız müddət uzatmaqla aliment ödəməkdən yayınmağa çalışır. «Uşaq hüquqları haqqında» Konvensiyanın və Azərbaycan Respublikasının uşaq hüquqları ilə bağlı bütün qanunvericilik aktlarından da görünür ki, uşağın mənafeyi üstün tutulmaqla uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. E.Əhmədovun izahatından da göründüyü kimi o aliment borcunu ödəmək istəmir, aylıq yığılan borcunu hissə-hissə olmaqla ödəmək istəyir. Aliment üzrə yaranmış borcun hissə-hissə icra edilməsi isə mümkün deyil. Ona görə də alimentin ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməmə göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-123/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-123/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver