Məhkəmə qərarları › İş №3(051)-127/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-127/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-127/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, 18 may 2021-ci il tarixdə borclu Ağalarov X3 şəhər İcra və Probasiya Şöbəsinə dəvət olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 61/2021 saylı hökmünün icra etmədiyi məlum olmuşdur. Borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-61/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi ilə 69 manat 10 qəpik məbləğdə ekspertiza xərci Şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 1(051)-61/2021 saylı, 01 aprel 2021-ci il tarixli icra sənədi ilə 69 manat 10 qəpik məbləğdə ekspertiza xərci Şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Hazırda borcundan tam ödəmişdir. Ona görə də məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Məhkəməsinin 01 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-61/2021 saylı, 01 aprel 2021ci il tarixli icra sənədi ilə 69 manat 10 qəpik məbləğdə ekspertiza xərci Şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 03 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər icra məmuru X2 03 may 2021-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 1(051)-61/2021 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 03 may 2021-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 03 may 2021-ci il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 1(051)-61/2021 saylı icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş 11.03.2022-ci il tarixli qəbzindən görünür ki, Şəxs Bəhrəm oğlu iş üzrə ekspertiza xərci olan 68,10 manatı tam olaraq ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Maddi imkanı olmadığı üçün icra sənədinin tam ödəyə bilməmişdir. Bu da ona əsas verir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Hazırda borclu icra sənədi üzrə ekspertiza xərci olan 68,10 manatı tam olaraq ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2.-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2.–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar