Məhkəmə qərarları › İş №3(051)-132/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-132/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-132/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxsnın iştirakı ilə xx xxxxxx 1961-ci il tarixdə Tərtər rayon, Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxsnın barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin 28.08.2019-cu il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan borcun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 28.08.2019-cu il tarixli icra sənədi ilə cavabdeh Şəxs 13010 manat məbləğdə pul alınıb tələbkar "xxxx" MMC-a verilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu tam ödəməmişdir. Borclunun hazırki vaxta olan borcu 8010 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 28.08.2019-cu il tarixli icra sənədi ilə ondan 13010 manat pulun alınıb tələbkar "xxxx" MMC-a verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Sonradan 09.03.2022-ci il tarixdə verdiyi izahatından görünür ki, o borcundan yenidən 5000 manat ödəniş etmişdir. Həmçini işəd olan 29.03.2022-ci il tarixli iltizamdan da göründüyü kimi əlavə olaraq 500 manat ödənişi də tələbkara ödəmişdir. Hazırda o, tələbkar "xxxx" MMC ilə isə razılığa gəlmişlər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 28.08.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 13010 manat məbləğdə pul alınıb tələbkar "xxxx" MMCna verilməsi qət edilmişdir. İşdə olan 29.03.2022-ci il tarixli iltizamdan görünür ki, Şəxs tələbkar "xxxx" MMC ilə razılığa gəlmiş və ona 500 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borundan ödəniş etməyə başlamış, qalan borcunu isə ən qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar