Məhkəmə qərarları › İş №3(051)-146/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-146/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-146/2023 03.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 Tələbkar: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 1800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb tələbkar X2 verilməsi qərara alınmışdır. Şəxs həmin borcdan 650 manatını ödəmiş, qalan 1180 manat məbləğində borcu ödəməmişdir. Borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək tələbkara olan borcunu tam olaraq ödəməmişdir. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1696/2021-ci il tarixli qətnaməsi ilə ondan 1800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb tələbkar X2 verilməsi qərara alınmışdır. Həmin borcdan o, 650 manatını ödəmiş, qalan 1180 manat məbləğində borcu isə maddi imkanı olmadığından birdəfəyə ödəməyə imkanı olmamışdır. Həmin borcdan hər ay yalnız 50 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi diqqətəlayiq halları nəzərə almağı xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, maddi vəziyyəti aşağıdır. Borclu isə məhkəmə qətnaməsi ilə ondan alınması qət edilmiş borcu ödəməkdən xeyli müddət keçməsinə baxmayaraq, yayınır. Dəfələrlə borclu borcunu ödəmək üçün vaxt istəmiş, həmin borcdan isə yalnız 650 manatını ödəmişdir. O, borcunun hissə-hissə, yəni borclunun təklif etdiyi kimi ayda 50 manat olmaqla ödənilməsini qəbul etmir. Halbuki, borclu ona borclu müddətdə dəfələrlə özünə kifayət qədər bahalı ev əşyaları almışdır. Hesab edir ki, borclu qəsdən onun borcunu ödəməkdən yayınır. Ona görə də borcunu ödəməsini təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 1800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb tələbkar X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2021-ci il tarixli 2(051)-1696/2021 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs icra vərəqində göstərilən ünvan 1 ünvanında ona məxsus qanunla tələbin üzərinə yönəldilə bilinəcəyi əmlakı aşkar edilməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-140/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs tələbkara olan borcundan hər ay 150 manat ödəməyi öhdəsinə götürdüyü və tələbkarla da bu barədə razılaşdığı üçün barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(051)-151/2022 saylı qərardadından görünür ki, ünvan 1 ünvanında yaşayan borclu Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1696/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını,səmimi peşmanlıq keçirməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, borclu Şəxs şəxsi kartoçkasından görünür ki, onun himayəsində xx.xx.2012ci il tarixdə doğulmuş Fidan və xx.xx.2015-ci il tarixdə doğulmuş sevgi adlı iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə, həmçinin hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borcunu ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, qadın olmasını, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar