Məhkəmə qərarları › İş №3(051)-148/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-148/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-148/2023 06.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1977–ci il tarixdə Yevlax rayonunun, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonunun, Gülövşə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və göstərdi ki, o, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində yerləşən mağazada ət satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə yenidən mağazada ət satışı etdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq, çöldən asdığı quzu ətini və dərisinin orada olmasını ona irad bildirmişlər. O isə nisyələrinin çox olduğunu, səhhətində problemlərin olduğunu, həmçinin müştərilərin ət məhsullarını görmələri üçün əti mağazanın çölündən asdığını bildirdikdə, adını bilmədiyi polis əməkdaşı ilə aralarında sözlə mübahisə yaranmışdır. Gecə səhərə kimi yuxusuz olduğu, həmçinin bahaçılıqla bağlı mal ala bilmədiyi üçün əsəbi olmuşdur. Bundan əlavə ət kəsimi məntəqəsinin sənədləri qaydasındadır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikləri vaxt mağazanı bağlayaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmandır. Polis əməkdaşları ilə mübahisə etdiyinə görə onlardan üzr istəmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in əməkdaşı X2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi, habelə baytarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində reyd keçirilən zaman, şəhərin D.Əliyeva küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində yerləşən qəssabxananın qarşısında, küçədə qanunsuz olaraq heyvan və quş əti mənşəli məhsulların satıldığının şahidi olmuşdur. Bununla əlaqədar olaraq həmin qəssabxananın sahibi, sonradan adı onlara məlum olan vətəndaş Şəxs yol verdiyi qanunsuz hərəkətlərə son qoyması barəsində xəbərdarlıq edilən zaman, Şəxs heç bir əsaslı səbəb olmadan onunla birlikdə digər polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək, təhqir etməyə başlamışdır. Onlar onu sakitləşdirməyə çalışıb, onun aqressiv olma səbəbini öyrənmək məqsədi ilə nizam-intizama dəvət etsələr də, o, tələblərinə qəsdən tabe olmayaraq sakitləşmədiyi üçün ərazidə xidmətdə olan post patrul xidməti ekipajını dəvət edib, barəsində tədbir görülməsi məqsədi ilə onu polis şöbəsinə göndərmişlər. Şəxs polis şöbəsinə gətirildikdən sonra da şöbənin inzibati binasının daxilində növbətçi hissənin qarşısında öz nalayiq hərəkətlərini davam etdirərək, hətta polis əməkdaşlarını “siz ermənisiniz, ermənidən pissiniz” deyərək nalayiq ifadələrlə təhqir etməkdə davam etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşı X1 da digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərini qəsdən pozmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində küçə ticarəti ilə bağlı keçirilən reyd zamanı səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərini qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşiman olması və himayəsində yetkinlik yaşına çatmamış 2 nəfər uşağın olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Əli və xx.xx.2012-ci il tarixdə doğulmuş Məryəm adlı yetkinlik yaşına çatmamış uşaqları vardır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar