Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-163/2022 28.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 206-cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə qanunsuz olaraq narkotik vasitə istehlak etməsi 27.03.2022-ci il tarixdə aparlan tibbi müayinə nəticəsində aşkar edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206–cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, o, bəzən narkotik vasitə qəbul etmişdir. Təxminən 20-25 gün əvvəl istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitədən yaşadığı evdə istifadə etmişdir. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşə əlavə edilmiş 28.03.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitə qəbul edərək inzibati xəta törətmişdir. İşə əlavə edilmiş 26.03.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26.03.2022-ci il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 27.03.2022-ci il tarixli 185 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsində yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında 28.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş 28.03.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin 28.03.2022-ci il tarixli 367 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs narkotik vasitə olan heroin qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 26 mart 2022-ci il tarixdən saat 19:50-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə həbs növündə inzibati tənbeh tədbiri çəkilib qurtardıqdan sonra icra edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Məcburi müalicənin icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-163/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-163/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver