Məhkəmə qərarları › İş №3(051)-166/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-166/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-166/2023 14.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: Zərərçəkmiş şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1965–ci il tarixdə Ermənistan Respublikasının Dilican rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10477-2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə 4242 manat borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10477-2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş Arzu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən alimentin ödənilməsi təmin edilməmiş və 4242 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 4242 manat məbləğində borcu vardır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-793/2022 saylı qərarı ilə Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmir. Nəticədə, 4242 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda maddi vəziyyəti pisdir. Borclu bir neçə dəfə aliment borcunun ödənilməsi ilə bağlı vaxt istəsə də, həmin borcunu ödəmir. Hesab edir ki, borclunun hərəkətləri qərəzlidir. Ona görə də borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, maddi imkan olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmir. Uzun müddətdir ki, işsizdir. İş yeri isə tapa bilmir. Hazırkı aliment borcunun yaranma səbəbi isə işlədiyi yerdə ayağının sınması və uzun müddət iş qabiliyyətinin olmamasıdır. xx.xx.2023-cü il tarixədək ona vaxt verilsə, borcunun bir hissəsini ödəyə bilər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10477-2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş Arzu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin borclu Şəxs alınaraq tələbkara verilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-793/2022 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10477-2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi və barəsində olan inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində eyni inzibati xətanı təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 14 fevral 2023–cü il tarixdən saat 12:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar