Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-178/2025 20.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər Polis Şöbəsinin profilaktika üzrə baş inspektoru X2, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirakı ilə, xx.xx.2007-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri Havarlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Polis Şöbəsinin profilaktika üzrə baş inspektoru X6 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Protokola görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində çağırışa cəlb olunmuş xx.xx.2007-ci il təvəllüdlü Şəxs icbari narkoloji müayinədən keçməsi və nəticəsinin pozitiv olması barədə məlumat daxil olmuşdur. Məhkəmə iclasında Mingəçevir Şəhər Polis Şöbəsinin profilaktika üzrə baş inspektoru X6 bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində çağırışa cəlb olunmuş xx.xx.2007-ci il təvəllüdlü Şəxs icbari narkoloji müayinədən keçməsi və nəticəsinin pozitiv olması barədə məlumat Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuşdur. Həmin məlumata əsasən Mingəçevir şəhər sakini xx.xx.2007-ci il təvəllüdlü Şəxs polis şöbəsinə dəvət edilərək, araşdırılma aparılmış və müvafiq narkoloji-tibbi yoxlamadan keçirilmişdir. Bununla bağlı Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müdafiəçisi X3 iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, Mingəçevir şəhərində yaşayır. O, narkotik vasitələrin istifadəsinə təxminən 5 aydır ki başlamışdır. İlk dəfə narkotik vasitəni Rusiya Federasiyasında olarkən istifadə etmişdir. 2024-cü ilin dekabr ayından Mingəçevir şəhərində olarkən təxminən 4-5 dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. 2025-ci ilin aprel çağırışı olması səbəbindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində çağırışa cəlb olunma ilə bağlı xx.xx.2025-ci il tarixdə orada icbari narkoloji müayinədən keçmiş və verdiyi analizlərdə narkotik vasitə aşkarlanmışdır. Törətdiyi əməldən peşmandır. Barəsində inzibati cərimə tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs müdafiəçisi X7 bildirdi ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, epizodik olaraq istifadə halları olmuşdur. Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını yüngülləşdirici hal kimi nəzərə alınıb barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mingəçevir şəhər prokurorunun köməkçisi X4 öz çıxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının katibi X8 öz çıxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olması səbəbindən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, 2025-ci il aprel çağırışına cəlb olunmuş xx.xx.2007-ci il təvəllüdlü Şəxs icbari narkoloji müayinədən keçmiş və nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Nakoloji Dispanserin xx.xx.2025-ci il tarixli, 251 №li rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. MN № ******* saylı, xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.; “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 nömrəli qərarının 3.1-ci bəndinə əsasən 18 yaşına çatmamış şəxslərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. İnzibati xəta törətmiş Şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi. 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmaması, səmimi etiraf edərək əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmadığı nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi etiraf edərək əməlindən peşman olması, yetkinlik yaşına çatmayan şəxs olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-178/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-178/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver