Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-18/2025 06.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8954/2024-cü saylı məktubu ilə tələb edilən sənədi (2023cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolla razıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8954/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2023-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində təqdim etməmişdir. Tələb edilən sənədləri göstərilmiş müddət ərzində göndərmədiklərinə heç bir üzrlü səbəbin olmadığını bildirərək, yüngül tənbeh təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: xx.xx.2024-cü il tarixli EP ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8954/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilən müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 6- 1-26/2-8954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs ASC-dən emitentin illik hesabatını 5 iş günü ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra –Mərkəzi Bank) təqdim edilir. Emitentin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsassən İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8954/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilən müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs ASC-nin İXM-in 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18.5, 114-115, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-18/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-18/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver