Məhkəmə qərarları › İş №3(051)-196/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-196/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-196/2024 15.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində qərar çıxarılmış: X6 vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsinin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.01-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.01-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X9 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X11 tərəfindən 15 fevral 2024-cü il tarixdə onun barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 15 fevral 2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 243.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin o həmin qərarla razı deyildir. Belə ki, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 70-B, Yeni qaydalarla Mingəçevir şəhəri, X15 küçəsi 145-B ünvanda yerləşən 0.12 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. O, qeyd olunan torpaq sahəsini aldıqdan sonra orada yenidən qurma işləri aparmamışdır. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır. O, torpaq sahəsini alan zaman orada tikili olmuşdur. Digər tərəfdən isə o orada yenidən qurma işləri aparmamışdır. O öz torpaq sahəsində ağaclar əkmişdir. Bundan başqa onu da qeyd etməyi zəruri hesab edir ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar 15 fevral 2024-cü il tarixdə, qeyd olunan torpaq sahəsi isə üzərində onun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Hesab edir ki, mənim əməlimdə inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəmdə tərtib edilmiş 15 fevral 2024-cü il tarixli qərar ləğv olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də, hesab edir ki, barəsində tərtib edilmiş qərar onun təqsirliliyi barədə nəticəyə gəlməyə kifayət qədər əsas vermir və onun əməlində inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 vəkili X5 şikayət ərizəsinə uyğun izahat verdi və məhkəmədən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X11 tərəfindən 15 fevral 2024-cü il tarixdə mənim barəmdə qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin barəsində qərar çıxarılmış X8 da məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin vəkilinin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.01-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və protokol araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar çıxara bilməzdi. Belə ki, protokol və qərardan görünür ki, X1 şəhəri İ.Qasımov küçəsi ev 70-B-də yenidən qurma işləri apararkən işlərin təhlükəsiz aparılması və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərini pozması səbəbindən 1500 manat məbləğində cərimə edilmişdir. X2 inzibati xətaya səbəb olan hansı hərəkət ilə hansı standartlara və qaydalara riayət etmədiyi protokol və qərarda göstərilməmişdir. Bundan başqa yerin təki haqqında qanunun hansı bəndinə riayət olunmadığı göstərilməmişdir. Bununla yanaşı məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və qərarın əsaslı olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Halbu ki, qanunvericiliyin tələbinə görə subutetmə yükü vəzifəli şəxsin öhdəsinə düşür. Bütün bunlar isə barəsində qərar çıxarılmış şəxsin inzibati xətanı törətməsinə şübhələr doğurur. Məhkəmə həmin şübhələri barəsində qərar çıxarılmış şəxsin xeyrinə həll edir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında protokol yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin. xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar