Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-203/2023 06.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X3 Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokuror köməkçisi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə göndərilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyənetdim: Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyən Şəxs barədə Mingəçevir şəhər prokuroru tərəfindən İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokuror köməkçisi X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci ildə ünvan 1 ünvanda yaşayan X1 iş yerində yıxılaraq xəsarət alması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyən Şəxs tərəfindən qaydaların pozulması səbəbindən rəngsaz işləyən X4 yıxılaraq sağlamlığına yüngül zərər vurulmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 1980-ci ildən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyir. X4 "xxxx" MMC-nin göndərişi ilə idarəyə göndərilmiş və təmir sahəsində rəngsaz-suvaqçı işləyir. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən çoxmənzilli binanın blokunda təmir işləri aparan zaman Fəxrəddin Rusanov iş yerində yıxılmış, xəsarət almışdır. Fəxrəddin Rusanov xəstəxanaya aparılmış, xəstəxanada müayinə zamanı F.Rusanovun qolundan xəsarət alması məlum olmuşdur. Bildirir ki, F.Rusanovun yıxılmasına səbəb təmir işləri zamanı istifadə etdiyi taxtadan hazırlanmış ayaqaltının nasaz olması deyil. F.Rusanovun ayaqaltıdan yıxılmasına səbəb onun təzyiqinin aşağı düşməsi olmuşdur. Hesab edir ki, onun tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir və onun təqsiri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X2 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 744 № li 19 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- sağ mil sümüyünün az yerdəyişən sınığı xx.xx.2022-ci il tarixdə yıxılma nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş əmək təhlükəsizliyinin tədqiqi üzrə 10/162 № li 19 yanvar 2023-cü il tarixli ekspertiza rəyində göstərilir ki, ünvan 3 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının girişində suvaq işlərinin təhlükəsiz aparılması üçün iş sahəsində istifadə olunan ayaqaltının etibarlı və dayanaqlı vəziyyətdə quraşdırılmasının təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.27.3, 5.27.4, 5.44, 5.45-ci bəndlərinin tələbləri pozulmuşdur. ünvan 3 ünvanında çoxmənzilli yaşayış binasının girişində suvaq işlərinin təhlükəsiz aparılması üçün iş sahəsində istifadə olunan ayaqaltının etibarlı və dayanaqlı vəziyyətdə quraşdırılması təmin edilmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.27.3, 5.27.4, 5.44, 5.45-ci bəndlərinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında Fəxrəddin Rusanovun iş görən zaman ayaqaltıdan yıxılmasına səbəb ayaqaltının nasaz olması deyil, həmin vaxt təzyiqinin aşağı düşməsi olduğunu bildirmiş, lakin bunu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İşdə olan hal şahidlərinin iştirakı ilə 07 dekabr 2022-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokolda göstərilir ki, hadisə yeri ünvan 3 ünvanında çoxmənzilli yaşayış binasının blokudur. Bloka daxil olduqda giriş hissəsində yer 0,45 m × 0,57 m ölçüdə beton örtüklüdür. Blokun eni 2,47 metr, hündürlüyü 2,74 metr olmaqla divarları və tavanı ağ rəngli emusiya ilə rənglənmişdir. Zirzəminin qapısının qarşısında taxta materialdan hazırlanmış və nasaz vəziyyətdə olan ayaqaltı var. Ayaqaltının hündürlüyü 59 sm, eni 1,23 metrdir. Hadisə yerində iştirak edən Fəxrəddin Rusanov bildirdi ki, binanın blokunda birinci mərtəbədə təxminən 2 metr hündürlükdə müəyyən bir hissəyə emusiya vurmaq üçün taxta materialdan hazırlanmış və nasaz vəziyyətdə olan ayaqaltıdan istifadə etmək məqsədi ilə üzərinə çıxmış, ayaqaltının ayağında olan nasazlıq səbəbindən ləngərləyib blok daxilində blokun girəcəyində olan asfalt örtük üzərinə yıxılmış və bu səbəbdən xəsarət almışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X4, hadisə zamanı qeyd edilən ünvanda işləyən işçilər X7 və X5 izahatlarında da göstərilir ki, X1 yıxılaraq xəsarət almasına səbəb istifadə etdiyi taxta materialdan olan ayaqaltının nasaz vəziyyətdə olması olmuşdur. İşə əlavə olunmuş vəzifə təlimatından görünür ki, sahə rəisi avadanlıqların və başqa vəsaitlərin düzgün texniki istismarına və sair işlərə operativ nəzarəti həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində göstərilir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olur. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-203/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-203/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver