Məhkəmə qərarları › İş №3(051)-208/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-208/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-208/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdim: Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Zaur Tarverdiyev məhkəmə iclasında bildirdi ki, Şəxs 16 kalibrli, “11528” nömrəli, xarici çaxmaqlı, qoşa hamarlüləli (yivsiz), zavod üsulu ilə hazırlanmış odlu ov silahı ilə ov etmək üçün müvafiq icazənin olmamasına baxmayaraq Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibil tullantılarının olduğu ərazinin yaxınlığına gələrək, həmin ərazidə odlu ov silahı ilə 2 dəfə atəş açmaqla 25 ədəd sığırçın quşunu öldürmüşdür. Nəticədə dövlətə 137.50 manat maddi ziyan vurmuşdur. Ona görə də Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, təxminən 1-2 ay bundan qabaq yaşadığı Yevlax rayonu, Havarlı kəndindəki meşədə olan zaman ağacın dibində ov tüfəngi olduğunu görmüş və həmin tüfəngi götürüb yaşadığı evə gətirmişdir. 13.02.2022-ci il tarixdə saat 12 radələrində Yevlax rayonuna ovçuluq mağazasna gedib bir neçə patron alıb evə gəlmiş, təxminən saat 16 radələrində dostu Davuda zəng edib özündə olan tirini götürüb gəlməyini və birlikdə ova getməyi təklif etdi. Davud da etiraz etmədi. Bir qədər keçəndən sonra Davud idarə etdiyi “Hyundai santafe” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Yevlax rayonu, Havarlı kəndinə evinin qarşısına gəlmişdir. Həmin vaxt evdə olan qoşalüləli ov tüfəngini götürüb Davudun avtomobilinə əyləşərək, Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən zibil tullantlarının yanına getdilər. Orada o, ov tüfəngini və Davud da tiri götürüb yerə düşdü. Lakin həmin vaxt Davud tirin qırmalarını yaddan çıxarıb evdə qoyduğunu görmüş, buna görə də tiri avtomobilinin üstünə qoymuş və istifadə edə bilməmişdir. Lakin ov tüfənginə 2 ədəd patron qoyub sığırçın quşlarının topa olduğu yerə atəş açıb bir neçə sığırçın quşlarını öldürmüşdür. Bundan sonra 25 ədəd sığırçın quşlarının öldüyünü görmüş, sonra həmin sığırçın quşlarını yığıb avtomobilin yanına qayıdanda 2 nəfər Mingəçevir ŞPŞ-nin əməkdaşı yaxınlaşaraq ov etmək üçün icazə olub olmadığını və tüfəngin sənədi olub olmadığını soruşmuşlar. O da ov tüfənginin sənədi və ov etmək üçün icazə sənədinin olmadığını bildirdi. Polis əməkdaşları onları Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Orada olan zaman Davud ov tüfəngindən və tirdən atəş açmamış, heç bir quş və ya başqa bir heyvan olmamış, yalnız o, ov tüfəngindən atəş açmışdır. Əməlindən peşimandır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, silah müsadirə edilməklə ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Mingəçevir şəhər Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 16 kalibrli, 11528 nömrəli odlu ov silahı müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar