Məhkəmə qərarları › İş №3(051)-211/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-211/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-211/2025 18.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Barəsində qərar qəbul edilmiş: X4, Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X5 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış vəzifəli şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 07 yanvar 2025-ci il tarixli MN ******* inzibati xəta haqqında iş üzrə qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icrata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, X9 göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından narazıdır. X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərarı ona hələ də gəlməmişdir. O qərarı İcra və Probasiya şöbəsindən götürmüşdür. X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərarından narazıdır və qərar həmişəki kimi formal qaydada yazılmış və iş üzrə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Sözügedən qərar qanuna müvafiq deyil və qərarda göstərilmiş məlumatlar yanlışdır. Belə ki, ümumiyyətlə qərar yazılmamışdan əvvəl protokol tərtib edilməlidir və protokolla onlar razılaşmadıqda birmənalı olaraq müəyyən vaxt təyin olunmalıdır. Bundan sonra araşdırma aparılmaqla qərar çıxarılmalıdır. Lakin ondan heç bir izahat alınmamış, sözügedən məsələ ümumiyyətlə araşdırılmamış və o cərimələnmişdir. Bundan əlavə işin mahiyyətindən danışanda qeyd etməlidir ki, ona sözügedən qərar çıxarılarkən yazılmışdır ki, guya o əmək müqaviləsi olmadan işçi işlətmişdir. Bu tam yalan və gülünc bir sözlərdir. O nə işləmir nə də işçisi yoxdur. O kimi işlətmiş və kim bunu aşkar edib ona maraqlıdır. Belə ki, o bir neçə ay bundan əvvəl öz avtomobili ilə tanış bir neçə nəfəri yaxın kəndlərdən birinə aparmışdır. Həmin şəxslərin bəzilərini tanısa da, bəzilərini tanımamışdır. Sonradan onun tərəfindən edilən bu hərəkətə işçi işlətmək adı qoyulmuşdur. Bunu nə ilə sübut edirlər? O sürüdür, işə götürən deyil. Bundan əlavə onun işçi işlətməməyini təsdiq edən sübut olmasa da, bildirməlidir ki, o 3000 manat cərimə olunmuşdur. Onun 3000 manat cərimə olunmağına səbəb nədir? Sözügedən cərimə vəzifəli şəxslərə yazılmalıdır. Fiziki şəxsə 1000-2000 manat aralığında cərimə tətbiq edilə bilər. Belə çıxır ki, qərarı tərtib edən şəxslər onun vəzifəli şəxs olmasını düşünürlər. Bunu nə ilə müəyyən etdilər? Onun VÖENi 2022-ci ildən bağlıdır və xx.xx.2025-ci ilə kimi də bağlı olunacaq. Bunu təsdiq edən onlarda hansı sənəd var versinlər o da görsün. Lakin qeyd edəcəyi faktlarla cərimələnməyinin əsassız olmasını məhkəmə görəcəkdir. Onun təqsirsizliyini sübut etməyinə ehtiyacı yoxdur. Onun təqsirli olduğunu qarşı tərəf sübuta yetirməlidir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barəsində qərar qəbul edilmiş X9 məhkəmə iclasında DƏMX-nin MN ******* №-li 07 yanvar 2025-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv olunmasını, işin icraatına xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş DƏMX regional şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, həmin iş üzrə ölüm hadisəsi olduğundan hadisəni Yevlax rayon Prokurorluğu araşdırmışdır. Həmin vaxt prokurorluğa izahat verən işçilərin hamısı onları işəgötürənin Rəsul müəllim olduğunu və onun onları işə cəlb etdiyini söyləmişlər. Prokurorluq məsələni tam araşdırmışdır. Bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə görə İXM-nin 192.1-ci maddəsinin tələblərini pozmuş və 3000 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. X12, X18, X7, X13, X19, X14, X11, X2 və X1 rayon Prokurorluğuna verdikləri izahatlardan aydın olur ki, izahat verən şəxslər X9 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə, X9 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 332.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün qərarın surəti rayon prokuroruna təqdim edilmişdir. Əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X18, X7, X13, X19, X14, X11, X2 və X3 barəsində əmək müqaviləsi məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X9 tərəfindən əmək müqaviləsi bağlanmadan X18, X7, X13, X19, X14, X11, X2 və X3 Yevlax rayonu, Gülövşə kəndində xurma yığmaq işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasını şərtləndirən hal baş vermişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Həmçinin şikayətçi şikayətini əsaslandıra biləcək heç bir dəlil məhkəmə təqdim etməmişdir. Məhkəmə iclası zamanı irəli sürdüyü formal mülahizələrlə kifayətlənmişdir. Bunun əksinə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin olduğunu sübuta yetirən sənədlər məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin vəzifəli şəxsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 07 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanısın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar