Məhkəmə qərarları › İş №3(051)-213/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-213/2021

16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-213/2021 16.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Samux rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Samux rayonu Qarabağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 04:00-da Mingəçevir şəhəri “Alaqapı” adlanan giriş istiqamətində özünə məxsus **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində sərnişin daşıyaraq Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 04:00-da özünə məxsus **-HO-*** dövlət qeydiyyat nişanlı mirko-avtobusla 4 (dörd) nəfər sərnişini Bakı şəhərinə aparmaq istəsə də, Mingəçevir şəhəri “Alaqapı” adlanan ərazidə polis əməkdaşları onun avtomobilini saxlatmış və ona karantin qaydalarını pozduğunu bildirərək, Mingəçevir ŞPŞ-yə aparmışlar. Polis şöbəsində onun barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsinə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokola, inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 04:00-da xüsusi icazəsi olmadan 4 (dörd) nəfər sərnişini Bakı şəhərinə aparmaq məqsədi ilə özünə məxsus **-HO-*** dövlət qeydiyyat nişanlı mirko-avtobusa mindirməklə Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin qaydalarını pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi və işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-339/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsində İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların halların mövcudluğunu, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol olmadığından, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və həbsə almanın əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2021-ci il tarixdən saat 12:20–dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinin rəhbərliyinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar