Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-261/2024 12.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam rayonu, Sarhacılı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Nissan markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə alacağı olduğu üçün marketə gedərkən üç maşının onun maşınının qarşısında getdiyini görmüşdür. Daha sonra o, həmin maşınların qarşısına keçmiş, həmin maşınlar onun maşınına yaxınlaşdırılaraq dönməyinə imkan verilməmişdir. O da maşınların mülki vətəndaşa aid olduğunu düşünmüşdür. Daha sonra maşınının qarşısı kəsilmişdir. O da atasına zəng edərək binanın qarşısına düşməsini bildirmişdir. Binanın qarşısına düşdükdən sonra təhqir və digər hərəkətlər başlanmışdır. Əgər bilsəydi ki, polis əməkdaşlarıdır, maşını saxlayardı. Biraz pivə içmişdi, lakin sərxoş olmamışdır. Maşınına arxadan zərbə vurulmuşdur. Sonradan digər polis əməkdaşları gəlmiş və onu post patrul maşınına mindirib aparmışlar. Həmin vaxt o, polis əməkdaşları ilə sözlə mübahisə etmişdir. Bununla belə hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin MH-nin rəisi polis kiçik leytenantı X1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində olarkən Nissan markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etdiyini görüb, baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə o, növbətçi hissəyə məlumat verərək yol patrul xidmətinin əməkdaşlarından avtomobili saxlamasını xahiş etmişlər. Yol patrul xidməti əməkdaşları avtomobili saxlayarkən sürücü avtomobildən düşərək qərəzli şəkildə ucadan səs-küy salaraq küçə söyüşləri söyməyə başlamışdır. Onlar sürücünün tabesizlik göstərdiyini görüb növbətçi hissəyə məlumat verərək PPXB-nin əməkdaşlarının əraziyə gəlməsini xahiş etmişlər. Əraziyə gələn PPXB-nin əməkdaşları sürücünü nizam-intizama dəvət etsələr də, o,qəsdən və qərəzli olaraq polisin qanuni tələbinə tabe olmadığı üçün onun polis şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 da X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Mingəçevir şəhəri, S.Vurğun meydanında xidmətdə olarkən növbətçi hissənin göstərişi əsasında 20 Yanvar küçəsində yerləşən diş klinikasının qarşısına yaxınlaşmışlar. Orada olan zaman Nissan markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol patrul xidməti bölüyünün əməkdaşlarına tabesizlik etdiyini görmüşlər. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, o, ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də qanuni tədbir görülməsi üçün sürücünü polis şöbəsinə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 da X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs atasıdır. Oğlu ona zəng edərək bildirmişdir ki, maşının arxasına düşüblər, binanın qarşısına düşsün. O da binanın qarşısına düşmüş, oğlunun və başqa iki nəfərin dalaşdığını görmüş, onları aralaşdırmışdır. Həmin şəxslərə özlərini təqdim etmələrini desə də, heç kim özünü təqdim etməmişdir. Biraz sonra yol patrul xidməti, daha sonra polis əməkdaşları gəlmişlər. Lakin hadisənin nədən ibarət olduğunu Muraddan soruşa bilməmişdir. Nissan markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, oğlu etibarnamə olmadan idarə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin DYPB yol patrul xidməti inspektoru polis baş serjantı X6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində növbətçi hissənin göstərişi əsasında 20 Yanvar küçəsində yerləşən diş klinikasının qarşısına yaxınlaşmış, Nissan markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” işarəsi vermiş, sürücü avtomobildən aşağı düşmüşdür. Sürücüyə yaxınlaşanda içkili vəziyyətdə olması müəyyən edilmişdir. Şəxs şöbəyə getməkdən imtina etmiş, bununla bağlı protokol tərtib edilmişdir. Şəxs əsəbi olduğu üçün nalayiq ifadələr işlətmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən diş poliklinikasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, AR İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 12 aprel 2024-cü il tarixdən saat 01:20-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-261/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-261/2024
12.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver