Məhkəmə qərarları › İş №3(051)-269/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-269/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-269/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1077/2020 №li 05.08.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 1580 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1077/2020 №li 05.08.2020-ci il tarixli icra sənədinə əsasən ondan 01 iyun 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, 30 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. Alimenti tam ödəyə bilmədiyinə görə 1580 manat aliment borcu yaranmışdır. Qeyd olunan borc karantin dövründə yarandığı üçün, həmin vaxt işləmədiyinə və maddi imkanı olmadığına görə aliment borcunu tam ödəyə bilməmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Aliment borcunu hissəhissə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. Hazırda da borcundan 500 manat ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 01 iyun 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, 30 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub ona verilməlidir. Şəxs alimenti tam ödəməmiş, 1580 manat aliment borcu yaranmışdır. Hazırda da həmin borcdan 500 manat ödəmişdir, qalan borcun hissə-hissə ödənilməsi razılığına gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1077/2020 №li 05.08.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 01 iyun 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, 30 iyul 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. Şəxs alimenti tam ödəmədiyi üçün onun 1580 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda tərəflər aliment borcunun hissə-hissə ödənilməsi razılığına gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 1580 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar