Məhkəmə qərarları › İş №3(051)-27/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-27/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-27/2022 12.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 11 yanvar 2022-ci il tarixdə Mingəçevir şəhərinin N.Nərimanov və Puşkin küçələrinin kəsişməsində sərxoş vəziyyətdə avtomobili idarə etmiş, o, xidmətdə olan polis əməkdaşları tərəfindən saxlandıqdan və idarəetmədən kənarlaşdıqdan sonra polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və izahatında göstərdi ki, 11.01.2022-ci il tarixdə saat 21:00 radələrində dostuna məxsus VAZ 21014 markalı avtomobili idarə edərkən, şəhərin Puşkin küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış və içkili vəziyyətdə olduğu aşkar edilmişdir. Sonra isə dostu gəlmiş və polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 11.01.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobili idarə edərək, şəhərin N.Nərimanov və Puşkin küçələrinin kəsişməsində polisin qanuni tələblərinə tabe olmamışdır. İşə materiallarına əlavə edilmiş 11.01.2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs oğlu yüngül dərəcədə sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş 11.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11.01.2022-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. İşdə olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs AR İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobili idarə edərək, şəhərin N.Nərimanov və Puşkin küçələrinin kəsişməsində polisin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 535.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsə də, digər maddəyə münasibətdə daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 535.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1–ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar