Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-272/2023 15.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, X1 AR DİN Mingəçevir ŞPŞ X8 Bölməsinin “İnzibati tənbeh vermə haqqında” TP ******* №li xx.xx.2023-cü il tarixli qərarından şikayətinə baxaraq, Müəyyən etdim: Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X2 13 mart 2023-cü il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda inzibati cərimə edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 izahatında bildirdi ki, uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır və işləyir. **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" minik markalı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixində saat təxminən 11:30 radələrində Mingəçevir şəhəri Şuşa küçəsi ilə Ərəş küçəsinin kəsişməsində **- CT-*** dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı avtomobillə toqquşmuşdur. Sözügedən hadisə onun deyil, digər nəqliyyat vasitəsinin təqsiri səbəbindən olmuşdur. Belə ki, o, öz yolunda hərəkətdə olduğu zaman "Opel Vectra" markalı avtomobil nizamlanmayan yol ayrıcında gözləmədən yol ayrıcına girmiş və ona məxsus avtomobili vurmuşdur. Hadisə yerinə gələn Mingəçevir ŞPŞ X8 Bölməsinin polis kapitanı X5 protokol və qərarında qeyd etmişdir ki, guya o, yolayrıcında keçmə qaydalarını pozmuşdur. Lakin bu doğru deyil. Həmin qərara əsasən ona AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan 60 manat cərimə tətbiq edilmişdir və qərarda göstərilmişdir ki, guya o, “yolayrıcını keçmə qaydalarını pozması” barədə qaydaları pozmuşdur. O, protokol və inzibati qərarla razı deyil. Etirazını da Mingəçevir ŞPŞ X8 Bölməsinin polis kapitanı X4 bildirmişdir, lakin nəticə əldə edə bilmədi. O, qeyd edilən ərazidə heç bir qayda pozuntusu etməmiş, yol hərəkəti qaydalarına əməl etməklə nəqliyyat vasitəsini idarə etmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati protokol qanunsuz və əsassızdır. Eyni zamanda bununla bağlı məhkəməyə video görüntü də təqdim etmişdir. Təqdim etdiyi video görüntüdən də görünür ki, o, yolu keçib getdikdən sonra "Opel Vectra" markalı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Bu isə onun hərəkətini bitirdikdən sonra olmuşdur. Digər avtomobili gördükdə o, yolayrıcını keçib qurtarmaqda idi. Gördüyü zaman avtomobili sola doğru az da olsa çəkməyə çalışsa da "Opel Vectra" markalı avtomobil onun avtomobilini vurmuşdur. Nizamlanmayan yolayrıcında o, hərəkətini bitirdikdən sonra olan hadisənin qarşısını almağa heç bir texniki imkanı olmamışdır. Ona görə də Azərbaycan Respublikası DİN Mingəçevir ŞPŞ X8 Bölməsinin “İnzibati tənbeh vermə haqqında” TP ******* №li xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilmiş Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X4 məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X5 iş üzrə əvvəlki məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Mingəçevir şəhəri Şuşa küçəsi ilə Ərəş küçəsinin kəsişməsində nizamlanmayan dörd yol, yolayrıcında **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" markalı və **-CT-*** dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdi. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdi ki, **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" markalı avtomobili Şuşa küçəsi ilə düzünə saat 60-70 km sürətlə hərəkətdə olan zaman, sağ tərəfindən gələn Ərəş küçəsində düzünə hərəkətdə olan **-CT-*** dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı avtomobilə yol verməyərək nizamlanmayan yolayrıcına daxil olmuş, tam yolayrıcında toqquşma baş vermişdir. Toqquşmanın təsirindən **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" markalı avtomobil idarəetməsini itirərək yolun sağ hissəsində beton səkiyə və məhləli evin dəmir darvazasına dəymişdir. Toqquşma nəticəsində **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" markalı avtomobilin sağ yan hissəsi, sağ arxa qanad və buferi, qabaq sol hissəsi, buferi, ön paneli, kapotu, **-CT-*** dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı avtomobilin qabaq hissəsi, buferi, ön paneli, işıq cihazı, kapotu, sağ və sol qabaq qanadı əzilib deformasiya olmuşdur. Araşdırma aparıldıqdan sonra **-ED-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne" minik markalı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, şikayət əsassızdır. İnzibati xəta haqqında materiala hadisə yerinin sxemi, hadisə yerinin görüntüsü ilə bağlı disk və digər sənədlər əlavə olunmuşdur. İş üzrə məhkəmə-avtotexniki ekspertizasının 8/1161 №-li, 01 may 2023-cü il tarixli rəyində göstərilir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Porsche Cayenne markalı 50ED475 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.E.Əhmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarını araşdırıb, iş üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyinə qiymət verərək hesab edirəm ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Mingəçevir ŞPŞ X8 Bölməsinin “İnzibati tənbeh vermə haqqında” TP ******* №li xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub Qərara aldım: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 şikayəti təmin olunmasın. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ X8 Bölməsinin “İnzibati tənbeh vermə haqqında” TP ******* №li xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-272/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-272/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver