Məhkəmə qərarları › İş №3(051)-274/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-274/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-274/2022 06.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: X8 Zərərçəkmiş şəxs: X3 DYPB-in polis kapitanı: X9 iştirakı ilə 10.08.1980-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası İXM–in 388-1.1.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 02.05.2022-ci il tarixdə X2 məxsus fotoşəkilləri onun iradəsinə zidd və xəbəri olmadan “ns_beauty” instagram sosial şəbəkəsinə yerləşdirərək ona mənəvi zərər vermiş və qadağan olunmuş məlumatları internet şəbəkəsində yerləşdirmişdir. Bu hərəkətləri ilə X8 Azərbaycan Respublikası İXM–in 388-1.1.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs X8 məhkəmə iclası zamanı bildirdi ki, şəkilləri paylaşarkən məqsədi zərərçəkmişi biabr etmək olmamışdır. Sadəcə olaraq o, əvvəlcədən də həmin instagram hesabında etdiyi paylaşımda da göstərdiyi kimi ona müştərilər tərəfindən bu cür formada maddi ziyan vurulmasının qarşısının almaq məqsədilə bu fotoşəkilləri paylaşmışdır. Ona görə də məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Mingəçevir ŞPŞ-in PPXB-ın polis nəfəri X9 ifadəsində göstərdi ki, X1 şəhəri, 20 yanvar küçəsi ərazisində yerləşən “NS Beauty” mağazasına müştəri qismində gəlmiş X2 məxsus fotoşəkilləri və videogörüntüləri saxlamış və bundan sonra 02.05.2022-ci il tarixdə X2 məxsus fotoşəkilləri onun iradəsinə zidd və xəbəri olmadan “ns_beauty” instagram sosial şəbəkəsinə yerləşdirərək ona mənəvi zərər vermiş və qadağan olunmuş məlumatları internet şəbəkəsində paylaşmışdır. Bundan sonra zərərçəkmiş tərəfindən şikayət edilmiş və həmin şəxs Mingəçevir ŞPŞ-yə gətirilmiş və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, o bacısı ilə mağazaya getmiş və bacısı bir neçə mal aldıqdan sonra oradan çıxmışlar. Sonradan bacısının rəfiqəsi tərəfindən ona şəklinin sosial şəbəkədə yayılması ilə bağlı məlumat verilmişdir. Baş verən haldan sonra ona mənəvi zərər vurulmuşdur və hazırki vəziyyətdə insanların yanında utanaraq gəzir. İş materiallarına əlavə edilmiş 06.05.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 02.05.2022-ci il tarixdə X2 qarşı İXM-in 388-1.1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İşə materiallarına əlavə edilmiş X6 məxsus “ns_beauty” instagram sosial şəbəkəsinə yerləşdirilmiş, Mingəçevir şəhəri, 20 yanvar küçəsi ərazisində yerləşən “NS Beauty” mağazasında çəkilmiş X2 məxsus fotoşəkildən görünür ki, X8 başqasına məxsus olan fotoşəkilləri şəxsin icazəsi olmadan və onu nüfuzdan sala biləcək formada sosial şəbəkədə payalaşmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X8 02.05.2022-ci il tarixdə X2 məxsus fotoşəkilləri onun iradəsinə zidd və xəbəri olmadan ns_beauty instagram sosial şəbəkəsinə yerləşdirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X4 əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, X4 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İXM–in 388-1.1.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar