Məhkəmə qərarları › İş №3(051)-279/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-279/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-279/2021 17.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM–in 206–cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında protokola görə xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Şəxs üzərindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı təmiz çəkisi 0.053 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla bağlı X2 barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclası zamanı tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və izhatında göstərdi ki, polis əməkdaşları 2020-ci ildə 14 dekabrdan 15 dekabra keçən gecə saat 00:30 radələrində onu Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu market”in qarşısında “VAZ-21074”markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomaşınla hərəkətdə olan vaxt saxlayıb karantin qaydalarını pozduğunu bildirmişlər. Sonra onlar onun narkotik maddələrin aludəçisi olmasında şübhəli olduğunu deyib dəvət edərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsi axtarış zamanı Emir adlı polis əməkdaşı onun üzərinə axtarış etdiyini bildirib əlini cibinə salmış və ovcunda gizlətdiyi bükümü çıxartmışdır. Halbuki, o, bütün ciblərində olan əşyalarəı çıxarıb stolun üstünə qoymuşdur. Həmin vaxt onun cibində narkotik vasitə olmamışdır. Bu yolla onun üzərinə şər atmağa çalışmışlar. O isə həmin narkotik vasitənin ona məxsusu olmadığını ona şər atdıqlarını söyləmiş və qablaşdırılarkən zərfin üzərinə də imza atmaqdan imtina etmişdir. O özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədiyini, həmin narkotik vasitənin ona məxsus olmadığını, cibinə necə və hansı şəraitdə qoyulmasından xəbərsiz olduğunu, bu günə kimi narkotik maddə istifadəçisi olmadığını bildirsə də, polis əməkdaşları onun barəsində protokol tərtib etmişdir. Hazırda həmin protokolda göstərilən halları qəbul etmir. Çünki həmin vaxt orada çəkiliş aparılmışdır. Əgər tam şəkildə çəkilmişsə, həmin çəkilişdən də aydın şəkildə görünər ki, o, cibində olan əşyaları tam şəkildə çıxarmışdır. Onun cibində heç bir əşya qalmamışdır. Polis əməkdaşı əlini ona göstərmədən cibinə salmış və qeyd olunan bükümü çıxarmışdır. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi hallara nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, hazırda Mingəçevir ŞPŞ-də polis nəfəri kimi çalışır. İş yoldaşı X4 ilə 2020-ci ildə 14 dekabrdan 15 dekabra keçən gecə saat 00:30 radələrində karantin qaydalarını pozduğu üçün 20 yanvar küçəsində yerləşən “QƏDİROĞLU” supermarketin qarşısında Şəxs saxlamışlar. Bu zaman CAB-ın əməkdaşı Emir Cavadov onlara həmin şəxsin narkotik maddə istifadəçisi olmasında şübhələr olduğunu bildirmişdir. Bunun ardınca o və məsləkdaşı X1 Şirinovu dəvət edərək polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərinə axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəcəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan açıq yaşıl sellafon büküm aşkar olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 da şahid X3 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, şahid ifadələrini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2020-ci il tarixli 17/626 saylı ekspert rəyindən görünür ki, “vət. Şəxs üzərindən aşkar edilib götürülmüş narkotik maddəyə bnzər kütlə” sözləri yazılmış 01 (bir) ədəd gümüşü-ağ kağız bükümdə təmiz çəkisi 0,053 qram olan maddə - metamfetamindir. Məhkəmə HK -1/2268 saylı materiala əlavə edilmiş və Şəxs üzərinə axtarış və götürmə keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı CD diskə keçirilmiş baxış zamanı müəyyən etdi ki, həmin diskdə yalnız səs qeydləri aparılmış, lakin video görüntülər öz əksini tapmamışdır. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzərindən xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində satış məqsədi olmadan qanunsuz olaraq saxladığı təmiz çəkisi 0.053 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülməsi göstərilsə də, həmin hallar barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatı və işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, Şəxs narkotik vasitə aludəçisi olması, onun cibindən həmin narkotik maddə metamfetamin olan sellofan bükümün çıxması, ən nəjhayət isə həmin bükümün məhz ona məxsus olması, üzərinə şəxsi axtarış və götürmə keçirilən zamanı istifadə edilən videoçəkilişdə öz əksini tapmamış, nə də şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı təmin edilməmişdir. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Bununla da məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs narkotik maddə aludəçisi olması və üzərində narkotik maddə olan metamfetamin daşıması sübut olunmur. Halbuki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs üzərindən götürüldüyü iddia olunan narkotik vasitənin ekspert rəyi ilə metamfetamin olması göstərilsə də, həmin narkotik vasitənin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən istifadə olunması və daşınması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından, barəsində protokol tərtib edilmiş şəxsin qeyd olunan inzibati xəta hadisəsinə aidiyyəti olmadığından, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,033 qram olan narkotik vasitə-metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,033 qram olan narkotik vasitə-metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar