Məhkəmə qərarları › İş №3(051)-28/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-28/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-28/2021 18.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Musayeva Günel Şövkət qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Göyçay rayonu 1-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göyçay rayonu 1-ci Ərəb kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cımaddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* №li protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində hərbi vəziyyət elan olunduğu ərazidə xüsusi giriş-çıxış rejimi qaydalarını pozmuşdur. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Göyçay rayonu 1-ci Ərəb kəndində yaşayır. Onunla birlikdə yaşayan Maarifi adlı qardaşı xx.xx.2021-ci ildə hərbi səfərbərliyə çağırılmışdı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən qardaşı Maarif oktyabr ayının 12-də axırıncı dəfə onunla danışmışdı. Bundan sonra qardaşı ilə əlaqə saxlaya bilmədilər. xx.xx.2021-ci il tarixdə axşam saatlarında onlara xəbər gəldi ki, qardaşı döyüşlərdə ağır yaralanıb, tanınmaz haldadır, Mingəçevir şəhər xəstəxanasına gətiriblər. O, dərhal Mingəçevir şəhərinə gəldi ki, həqiqətən də. qardaşının Mingəçevir şəhər xəstəxanasında olubolmamasını öyrənsin. Mingəçevir şəhərinə çatanda “Ala qapı” deyilən yerdə polis əməkdaşları onu saxlayıb, şəhərə giriş-çıxış qaydalarını pozduğunu bildirdilər. Sonra onu polis şöbəsinə apardılar. O, polis şöbəsində xahiş etdi ki, qardaşının xəstəxanada olubolmamasını öyrənsinlər. Ancaq dəqiq məlumat ala bilmədi. Barəsində inzibati protokol tərtib edildi. Sonra onlara məlum oldu ki, qardaşı xx.xx.2020-ci ildə şəhid olubdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, müəyyən edildi ki, Şəxs Mingəçevir şəhərinə gəlməsinə səbəb şəhid qardaşı haqqında məlumat əldə etmək olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar