Məhkəmə qərarları › İş №3(051)-284/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-284/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-284/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx.xx.2000-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində icazəsi olmadan yaşayış yerini tərk edib Mingəçevir şəhərinin Tanrıqulular istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını kobut surətdə pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində icazəsi olmadan yaşayış yerini tərk edib Mingəçevir şəhərinin Tanrıqulular istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını pozmuşdur. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Məhkəmə Şəxs izahatını, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta xx xxxxxx 2020-ci il tarixdə törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar isə xx xxxxxx 2020-ci il tarixdə çıxarılmışdır. Buradan da aydın olur ki, inzibati xəta haqqında protokol tərtib edən polis sahə rəisi protokolu qanunla müəyyən edilmiş müddətdə tərtib etməmiş, protokolun tərtib olunması üçün buraxılmış müddəti formal və hüquqi qüvvəsi olmayan qərarda əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar