Məhkəmə qərarları › İş №3(051)-316/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-316/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-316/2020 24.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli EQ ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx xxxx 2020-ci il tarixli EQ ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. M.Qasımov həmin protokoldan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X2 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 15:07-də Bakı-Qazax yolunun 398 km-də Qazax istiqamətində hərəkət edən zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə onun barəsində İnzibati Xətalər Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli elektron qərar (EQ 3797069) qəbul edilib. Həmin qərarın nəticə hissəsində açıq aydın İXM-nin 329.1-ci maddəsinə istinad edilməklə sözügedən maddədə nəzərdə tutulan inzibati xətanı törətməyinə görə ona 100 manat məbləğində inzibati cərimə yazılmışdır. Lakin sözügedən qərar qanunsuzdur. Belə ki, 329.1-ci maddəsində sözügedən pozuntunun törədilməsinə görə 40 manat cərimə nəzərdə tutulmuşdur. Ona tətbiq edilən cərimə çoxdur. Bundan əlavə sol qolu kiçikdi və bununla əlaqədar ikinci qrup əlildir. Avtomaşında olan təhlükəsizlik kəmərdən uzun müddət istifadə edə bilmir. Bu səbəbdən də kəməri çıxarmışdır. Sözügedən kəmərdən istifadə etməməsi onun səhəti ilə bağlı olmuşdur. Lakin bunlara baxmayaraq ona tətbiq edilən cərimə tam əsassızdır və ləğv edilməlidir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx xxxx 2020-ci il tarixli EQ ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Şikayət vermiş şəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Qanunun tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, M.Qasımov barəsində olan qərar tam qanunsuzdur. Belə ki, Mübariz Qasımov 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunsa da ona qanunla nəzərdə tutulmuş məbləğdən artıq yəni 100 manat cərimə yazılmışdır. Halbuki, sözügedən maddənin sanksiyasında cərimə 40 manat miqdarında nəzərdə tutulmuşdur. Qərar səhv tərtib edildiyi üçün ləğv olunması qanuna müvafiqdir. X4 özünün də verdiyi izahatından və iş materiallarında olan sənədlərdən də görünür ki, o təhlükəsizlik kəmərindən istifadə etməmişdir. İşin faktiki hallarından da göründüyü kimi M.Qasımovun əməlində 329.1-ci maddəsinin tərkibi var, lakin qərar düzgün tərtib edilmədiyi üçün ləğv edilməsi qanuna müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarına xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ -nin xx xxxx 2020-ci il tarixli EQ ******* saylı protokolu araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar