Məhkəmə qərarları › İş №3(051)-322/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-322/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-322/2020 09.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 15 mart 2079-cu ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs 08 iyul 2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Ə.Vahid küçələrinin kəsişməsində yerləşən çay evində iki nəfər şəxslə karantin rejimi qaydalarını pozaraq yeyib içmə məclisi qurmuş və ona karantin qaydalarını pozmamaq təklif edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 08 iyul 2020-ci il tarixdə Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Ə.Vahid küçələrinin kəsişməsində yerləşən çay evində iki nəfər şəxslə çörək yemiş və spirtli içki qəbul etmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. İnzibati xəta haqqında işə əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 325 saylı protokoldan görünür ki, Şəxs 08 iyul 2020-ci il tarixdə tibbi müayinədən keçmiş və onun yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materiallarından və Şəxs özünün də izahatından da görünür ki, o karantin qaydalarını kobud surətdə pozmaqla çay evində içki məclisi qurmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 08 iyul 2020-cu il tarixdən, saat 23:55-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar