Məhkəmə qərarları › İş №3(051)-327/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-327/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-327/2020 13.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən şəxs, polis sahə rəisi x1 iştirakı ilə, xx.xx.1991-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 mənzil 36 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* №li 12.07.2020-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 12.07.2020-ci il tarixdə Mingəçevir şəhər N.Nərimanov küçəsində 32 saylı binanın birinci mərtəbəsində yerləşən bərbərxanada bərbər fəaliyyəti ilə məşğul olaraq karantin rejimi qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 32 №li binanın birinci mərtəbəsində yerləşən bərbərxanada bərbər işləyir. Karantin günlərində işləməmişdir. Həyat yoldaşından ayrılmışdır. Himayəsində 2016-cı il təvəllüdlü bir az yaşlı uşağı var. Keçmiş arvadı uşağı onun yanına qoyub getmişdir, uşaqla əlaqə saxlamır. Son günlər karantinlə əlaqədar işləmədiyinə görə maddi vəziyyətində çətinlik yaranmışdır. 12.07.2020-ci il tarixdə bərbərxanaya getdi. Az sonra bir müştəri gəldi. Müştərinin saçını qaydaya salan zaman polis əməkdaşları içəri daxil oldular. Karantin günündə fəaliyyət göstərdiyinə görə onun barəsində inzibati protokol tərtib edildi. Əməlindən peşimandır. Məhkəmə iclasında polis sahə rəisi x2 verdiyi izahatında bildirdi ki, 12.07.2020-ci il tarixdə Mingəçevir şəhər N.Nərimanov küçəsində xidmətdə olduğu zaman həmin küçədə 32 saylı binanın birinci mərtəbəsində yerləşən bərbərxananın fəaliyyət göstərdiyini gördü. İçəri daxil olduqda bərbər Şəxs müştərinin sac kəsimi ilə məşğul olduğunu müəyyənləşirdi. Şəxs barəsində protokol tərtib etdi. Onu da bildirir ki, bərbər Şəxs karantin müddətində birinci dəfə idi ki, bərbərxanada işlədiyini görürdü. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, himayəsində bir nəfər azyaşlı uşağı olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs himayəsində az yaşlı uşağı olmasını nəzərə alaraq, hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar