Məhkəmə qərarları › İş №3(051)-344/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-344/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-344/2020 12.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində qərar çıxarılmış Sadəddinov Rövşən Sadəddin oğlu, qərarından şikayət verilmiş Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 iştirakı ilə, Sadəddinov Rövşən Sadəddin oğlunun Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin inspektorunun TP3809405 №li xx.xx.2020-ci il tarixli qərarından şikayətə baxaraq Müəyyən etdim : Sadəddinov Rövşən Sadəddin oğlu Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin inspektorunun TP3809405 №li xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində qərar çıxarılmış Sadəddinov Rövşən Sadəddin oğlu məhkəmə iclasında şikayətini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə icazə aldıqdan sonra, icazə müddətində özünəməxsus “Opel Corsa” markalı **-VU-***dövlət qeydiyyatı nişanlı avtomaşınla Mingəçevir şəhəri N.Nərimanov küçəsində, Dram Teatr dairəsində YPX-nın əməkdaşı onu saxlayaraq karantin rejim qaydalarını pozaraq qoruyucu maskadan istifadə etmədiyini bildirib onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib etdi. O, etiraz edərək karantin qaydalarına riayət etdiyini, özünəməxsus minik avtomobilində olduğuna görə qoruyucu maskaya zərurət olmadığını, belə halda qoruyucu maskadan istifadə edilməməsi inzibati məsuliyyətə səbəb olmamasını bildirsə də, onunla razılaşmayaraq həmin maddə ilə təqsirli bilinərək İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə edildi. Hesab edir ki, qərar qanunsuzdur. Ona görə də 100 manat cərimə olunmasına dair DYPB-nin inspektoru Azər Həsəovun TP3809405 №li xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin inspektoru, qərarından şikayət verilən X2 məhkəmə iclasında bildirdi ki, karantin rejim qaydalarının qorunması ilə əlaqədar onlara verilmiş əvvəlki təlimata görə bütün nəqliyyat vasitələrində qoruyucu maskadan istifadə etməməyə görə inzibati məsuliyyət yaradırdı. Rövşən Sadəddinov maskasız avtomaşını idarə etdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, sonra inzibati protokola baxılaraq İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə olunumşdur. İşlərinin çoxluğu, gərginliyi ilə əlaqədar təlimatda olan dəyişiklik ilə tanış ola bilməmişdi. İşə əlavə olunmuş Mingəçevir şəhər PS-nin DYPB-nin inspektoru, polis kapitanı X1 TP3809405 №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, “Opel Corsa” minik **-VU-*** dövlət qeydiyyatı nişanlı avtomaşını idarə edən Sadəddinov Rövşən Sadəddin oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat cərimə olunumuşdur. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyət epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrindən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində qərar qəbul edilmiş Rövşən Sadəddinov fərdi minik avtomaşının idarə edən zaman qoruyucu vasitədən (tibbi maskadan) istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 100 manat cərimə olunmuşdur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrindən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 №li xx.xx.2020-ci il tarixli qərarına görə yeni növ koronovirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska və sair) şəhərlərarası və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan ictimai nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s) istifadə olunmalıdır. Göründüyü kimi şəxsi minik avtomaşının idarəə edilmişi zamanı tənəffüs yollarının qoruyucu fərdi vasitələrindən istifadə edilməsinin məcburiliyi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Rövşən Sadəddinovun əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Rövşən Sadəddinovun əməlində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi olmadığına görə barəsində olan Mingəçevir şəhər PS-nin DYPB-nin inspektoru, polis kapitanı Azər Həsənovun TP3809405 №li xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126,128- 134-cü maddələrini rəhbər tutub Qərara aldım: Sadəddinov Rövşən Sadəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Mingəçevir şəhər PS-nin DYPB-nin inspektoru, polis kapitanı Azər Həsənovun TP3809405 №li xx.xx.2020-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar