Məhkəmə qərarları › İş №3(051)-352/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-352/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-352/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxslər (tələbkarlar) X2, Baloğlanov Əfqan Salman oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, evli, ali təhsilli, işləməyən, Mingəçevir şəhəri Kür küçəsi 16 №li evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M ü ə y y ə n e t d im : Qədirov X3 şəhər məhkəməsinin 2(051)-793/2020 saylı, 2(051)-19/2017 saylı, 2(051)- 1130/2019 saylı, 2(051)-1841/2017 saylı icra sənədləri üzrə 9020 manat, 16441 ABŞ dolları, 591.15 manat və 25.282.91 ABŞ dolları pulu ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, o, fərdi sahibkardır. İşi ilə əlaqədar həm Bakı şəhərində, həm də Mingəçevir şəhərində yaşayır. Ancaq son illər işində çətinliklər yaranmışdı. Ona görə də maddi imkanı olmadığı üçün icra sənədini tam icra edə bilməmişdir. İcra sənədini icra etməkdən boyun qaçırmır. Hazırda işində müəyyən irəliləyişlər yaranır ki, bu da ona borclarını ödəməyə imkan yaradacaq və borclarını ödəyəcəkdir. Zərərçəkmiş şəxs (tələbkar) X2 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 9020 manat dəyərində qızıl-zinət əşyaları alınıb ona verilməlidir. Lakin borclular qızıl-zinət əşyalarını, ya da onların dəyərini bu vaxta qədər qaytarmamışlar. Şəxs cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (tələbkar) X4 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1130 №li icra sənədinə əsasən Şəxs 16441 ABŞ dolları alınıb ona verilməlidir. Lakin Şəxs borcunu ödəməmişdir. O, 16441 ABŞ dolları ödənilməsini tələb edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, icra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Himayəsində iki nəfər azyaşlı uşaqları olması məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar