Məhkəmə qərarları › İş №3(051)-356/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-356/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-356/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) X2 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhər R.Muradov adına X5 direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsini və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli 47 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qərara alınmışdır. Lakin borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək tələbkarı əvvəlki vəzifəsinə bərpa etməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək məhkəmənin qətnaməsini icra etməsi tələb olunmuş, lakin hazırki vaxtadək o, tələbkarı vəzifəsinə bərpa etməmişdir. Borclu məhkəmənin 2(051)-343/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə versə də, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-343/2023 saylı qətnaməsi ilə onun xx.xx.2022-ci il tarixli 47 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qərara alınmışdır. Lakin məhkəmənin həmin qətnaməsindən narazıdır. Buna görə də məhkəmənin xx.xx.2023-cü il tarixli 2(051)-343/2023 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından şikayət verəcəkdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkarın nümayəndəsi (vəkili) izahat verərək göstərdi ki, məhkəmənin sözügedən qətnaməsi ilə Mingəçevir şəhər R.Muradov adına Texniki- Humanitar Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli 47 saylı əmri etibarsız hesab edilmiş və tələbkarın Mingəçevir şəhər, R.Muradov adına Texniki-Humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qət edilsə də, borclu tərəfindən icra edilmir. Belə ki, borclu tələbkarla qərəzli olduğu üçün həmin vəzifəyə bərpa edilməmişdir. Hesab edir ki, borclu qəsdən icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də onun əməlində inzibati xəta tərkibi vardır. Odur ki, məhkəmədən borclunun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli 47 saylı əmri etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs Mingəçevir şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçı Zərərçəkmiş şəxs məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2023-cü il tarixli 2(051)-343/2023 saylı icra sənədi üzrə tələbi dərhal icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-343/2023cü il tarixli qərardadından görünür ki, məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh münasibətdə apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Məmmədova X3 şəhər R.Muradov adına X5 direktoru vəzifəsində işləyir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər R.Muradov adına X5 direktoru Məmmədova X3 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-343/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun icra sənədinin verilməsinə əsas olan qətnamədən apelyasiya şikayəti verilməsini təsdiq sənəd iş materiallarına əlavə edilməmiş, apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtinaya dair qərardaddan şikayət verilməsi isə icra sənədinin icrasının dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də icra sənədini icra etməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında vəzifəli şəxsə münasibətdə nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar