Məhkəmə qərarları › İş №3(051)-36/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-36/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-36/2022 19.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM–in 206-cı və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs CM-in 178.22-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə açılmış 650007/22 nömrəli axtarış işi ilə əlaqədar 18.01.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, “Minqo park”ın arxasında saxlanılarkən, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin tibbi müayinədən keçirilərkən, narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bildi və göstərdi ki, 18.01 2022ci il tarixdə şəhərin MingoPark adlanan yerin yaxınlığında tanışı Zamik Məmmədovla birlikdə olarkən polis əməkdaşları onlara yaxınlaşaraq onun barəsində Polis Şöbəsində axtarış işi olduğunu bildirmiş və onu şəhər polis şöbəsinə dəvət etmişər. O və Zamik polis əməkdaşlarının tələblərinə əməl edərək, sakit şəkildə polisin xidməti avtomobilinə əyləşmişlər. Ondan sonra polis əməkdaşları onu və Zamik Məmmədovu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasının ikinci mərtəbəsində yerləşən otaqda onun üzərinə Orxan adlı polis zabiti tərəfindən baxış keçirilmiş və onun üzərindən həmin polis zabiti Orxan barəsində aidiyyəti yuxarı dövlət orqanına vurduğu teleqram çıxmışdır. Çünki həmin Orxan adlı polis zabiti ona qarşı daima qərəzli olmuşdur. Ona görə də o, onun barəsində bir neçə dəfə şikayət etmişdir. Həmin teleqramı gördükdən sonra Orxan adlı polis zabiti onu döymüşdür. Bununla da o, polis şöbəsində zorakılığa məruz qalmışdır. Hazırda onun tibbi müayinəyə və müalicəyə ehtiyacı vardır. Bununla yanaşı, o və tanışı Zamik Məmmədov narkotik vasitənin istifadəsində şübhəli olduqları üçün barələrində test nümunəsi aparılan zaman hər ikisinin narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. O, əvvəllər ara-sıra marixuanadan istifadə etmişdir. Ona görə də barəsində tərtib edilmiş protokol üzrə özünü yalnız İXM-in 206-cı maddəsi üzrə təqsirli bilir. Hesab edir onun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi yoxdur. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola xitam verilməsini və İXM-in 206-cımaddəsi ilə tərtib edilmiş protokola üzrə onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şirəliyev Emin Asif oğlu ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 178.2.2- ci maddəsi ilə təqsirli bilinərək istintaqdan yayındığı üçün Şəxs barəsində verilmiş axtarış qərarına əsasən Mingəçevir ŞPŞ-də 650007/22 nömrəli axtarış işi açılmışdır. 18.01.2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məmmədov X4 şəhəri, H. Əliyev prospektində yerləşən «Minqo park»ın arxasında qara rəngli Lada Priora markalı ** XJ *** dövlət nömrə nişanlı avtomaşında saxlanılarkən, axtarışda olan Şəxs və sürücü X1 ŞPŞ-nin əməkdaşlarına qarşı tabesizlik göstərdikləri üçün tərəflərindən onlara güc tədbiq edilmişdir. Belə ki, Şəxs xidməti polis avtomobilinə minmək istəmədiyinə görə polis əməkdaşları fiziki güc tətbiq etmək məcburiyyətində qalmışdır. Həmin vaxt Şəxs üz və sifət nahiyəsi avtomobilin qapısına və onun yan hissələrinə dəyib zədələnmişdir. Ondan sonra Şəxs məcburi qaydada Mingəçevir ŞPŞ-ə gətirilmiş və gözlə görünən narkotik sərxoşluğunda şübhəli olduqları üçün həkim müayinəsindən keçirilmişlər və həmin vaxt keçirilmiş ekspertiza nəticəsində Şəxs narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-ın baş əməliyyat müvvəkili Musayev Bəhruz Yəhya oğlu da şahid Şirəliyev Emin Asif oğlu ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi xüsusatları təsdiq etdi. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, işə əlavə edilmiş “cinayət işinin icraata qəbul edilməsi haqqında” 21.10.2021-ci il tarixli qərardan görünür ki, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Mirzəyev Səxavət Eyvaz oğlu Azərbaycan Respublikası CM-in 178.24, 188.1, 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işini 21.10.2021-ci il tarixdə icraatına qəbul etmişdir. İşə əlavə edilmiş Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Mirzəyev Səxavət Eyvaz oğlu tərəfindən 14.01.2022-ci il tarixdə verilmiş, “ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 14.01.2022-ci il tarixdə Şəxs tutulub Mingəçevir ŞPŞ-nin İB-yə təhvil verilməsi üçün barəsində axtarış elan edilmişdir. İşə əlavə edilmiş 14.01.2022-ci il tarixli raportdan görünür ki, Mingəçevir ŞPŞ-nin CAB-da 650007/22 nömrəli axtarış işi açılmışdır. İşə əlavə edilmiş 18.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs bir neçə gün öncə narkotik vasitə olan marixuanadan satış məqsədi olmadan istifadə etmiş və 18.01.2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən, narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş 18.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində olan axtarış işi ilə bağlı 18.01.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, “Minqo park”ın arxasında saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş 18.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.01.2022-ci il tarixdə saat 20:05-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 18.01.2022-ci il tarixli 25 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsində yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında 19.01.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş 18.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin 19.01.2022-ci il tarixli 68 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Bundan başqa Şəxs izahatında Mingəçevir şəhəri, H. Əliyev prospektində yerləşən «Minqo park»ın arxasında saxlanılarkən, onu Mingəçevir ŞPŞ-yə dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olduğu barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşmışdır. Belə ki, məhkəmə iclası zamanı dindirilmiş şahidlər Şəxs saxlanılarkən Mingəçevir ŞPŞ-yə məxsus xidməti avtomobilə zorla mindirildiyini üzünə qarşı dedilər, lakin Şəxs şahidlərin bildirdiklərini təkzib etmədi. Eləcə də, onun barəsində CM-in 178.2.2ci maddəsi üzrə axtarış işinin olması, bir daha onu göstərir ki, Şəxs Mingəçevir ŞPŞ-yə könüllü getməyə meyilli olmamışdır. Ona görə də məhkəmə Şəxs ifadəsinin həmin hissəsini işin həqiqi hallarına uyğun saymır və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirmiş, bu səbəbdən də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərini əsaslı hesab etmir. Bununla belə məhkəmə, Şəxs Mingəçevir ŞPŞ-nin inzibati binasında Orxan adlı polis zabiti tərəfindən döyülməsi ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, həmin halın tam, hərtərəfli və obyektiv araşdırılması üçün Şəxs tibbi müayinədən keçirilməlidir. Ona görə də Azərbaycan Respublikası İXM–in 206 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tibbi müayinədən keçirilməsi haqqında Mingəçevir Şəhər Məhkəməsi tərəfindən 19.01.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində olan axtarış işi ilə bağlı saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qərəzli və davamlı şəkildə tabe olmamaqla və narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması, özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsə də, digər maddəyə münasibətdə daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, İXM-in 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 18 yanvar 2022–ci il tarixdən saat 20:05-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra icra edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Məcburi müalicənin icrasına nəzarət Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar