Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-363/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Qalayçılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Qalayçılar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə arvadı F.Şəkiyevanı söyüb hədələmiş və izahatı alınması üçün Mingəçevir ŞPŞ-nin Mingəçevir şəhərində yerləşən polis məntəqəsində polisin ünvanına nalayiq söyüşlər söymüşdür. Qeyd edilən əmələ görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, arvadıFəridənin barəsində etdiyi şikayətlə əlaqədar izahat vermək üçün polis məntəqəsinə getmişdir. Orada arvadı ilə danışanda polisin ünvanına nalayiq ifadə işlətdiyi ortaya çıxmışdır. Həmin vaxt əsəbi olmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı F.Şəkiyevanı söyüb hədələmiş və polisin ünvanına nalayiq söyüşlər söymüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə arvadı F.Şəkiyeva ilə mübahisə edən zaman arvadının və polisin ünvanına nalayiq ifadələr işlətməsi və onun əməlində inzibati xəta tərkibinin olması, tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 510-cu maddəsi ilə tövsif edilməlidir. Hazırkı işin faktiki hallarına görə Şəxs arvadı ilə mübahisə zamanı arvadının və polisin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Belə olan halda onun əməli polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Bununla belə onun əməlində həmin Məcəllənin 510-cu maddəsinin tərkib vardır. Belə ki, o, arvadı ilə mübahisə zamanı arvadının və polisin ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanın pozmuş və bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati törətmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məhkəmə baxışı nəticəsində məhkəmənin inzibati xəta törətmiş şəxsin əməlini ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etməsinə dair tələb nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin müddəası qanunun analogiyası qaydasında tətbiq olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin, o, həmin Məcəllənin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-363/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-363/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver