Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-365/2025 02.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 469.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-in 469.2-ci maddəsi ilə tərtib olunmuş material baxılması üçün məhkəməyə göndərilmişdir. 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi "xxxx" MMC tərəfindən 5 sayda əmək müqaviləsi bildirişi üzrə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmaması müəyyən olunmuşdur. Buna görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, protokolla razı deyillər ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İnzibati xəta haqqında materiallar öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Belə ki, AR İXM-in 469.2-ci maddəsi 11 aprel 2025-ci il Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.34.2-ci bəndinə əsasən 469.2-ci maddəsi ləğv edilmiş və yeni məzmunda 469-1-ci maddə əlavə edilmişdir. Belə ki, Maddə 469-1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.” Buna baxmayaraq, hazırki 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan, yəni inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi deyil, məhz qüvvədən düşmüş norma protokolda qeyd olunmuşdur. Belə olan halda məhkəmə belə hesab edir ki, sözügedən protokol natamamdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən «Krıstal Roofs” MMC barəsində İXM-in 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-365/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-365/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver