Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-366/2023 18.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx.xx.1961-ci ildə Ağdam rayonu İlxıçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu İlxıçı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Nizami küçəsi, 19/1, mənzil 16-da faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:50 radələrində Migəçevir ŞPŞ-in inzibati binasında xidməti iş otağında müaqişə yaratmış və ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozan hərəkətlər etmişdir. Bundan sonra Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək və inzibati xətanın qarşısını almaq məqsədilə xx.xx.2023-cü il saat 19:50-də inzibati qaydada tutulmuşdur. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, oğluna Mingəçevir ŞPŞ tərəfindən CM-in 234.1-ci maddəsi ilə cinayət işi açılmış, lakin cinayət işi prokurorluq tərəfindən təsdiq edilməmişdir. O isə öz növbəsində oğlunun sənədlərini götürmək üçün Mingəçevir ŞPŞ-yə getmişdir. Ancaq ona sənədləri verməmişlər. Sənədləri qəti surətdə tələb etdikdə isə polis əməkdaşları ilə onun arasında mübahisə yaranmışdır. O, heç bir nalayiq ifadə işlətməmişdir. Bu, polis əməkdaşlarının onun üzərinə atdıqları bir böhtandır. O, həbs olunacaq heç bir hərəkət etməmişdir. Ailəlidir. Məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq inzibati icraata xitam verilməsini xahiş edir. Şəxs vəkili X1 Nağı Mehdi oğlu ilə eyni məzmunlu izahat verərək məhkəmədən müdafiə etdiyi şəxs barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in İB-in baş müstəntiqi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat 16:50 radələrində xidməti iş otağında olarkən növbətçi hissənin qapı postundan daxili telefonla zəng edilərək icraatında olan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs X4 atası Şəxs onu qəbul etməyini istəməsini və mobil telefonla binaya binaya daxil olmasını bildirdilər. O, polis serjantından onun mobil telefonunu alıb sonra xidməti iş otağına buraxılmasını xahiş etmişdir. Aradan bir müddət keçəndən sonra Şəxs xidməti iş otağına gələrək mobil telefonun alınmasına etiraz edib həmin mobil telefonsuz inzibati binaya daxil olmasını ona bildirən polis nəfərinin ünvanına “küçük mənim telefonumu alır” ifadəsini işlədərək özünü müxtəlif instansiyalara müraciət edən və müraciətinə qeyd-şərtsiz baxılan şəxs statusunda təqdim edərək oğlundan götürülmüş sənədləri, nağd pulu və mobil telefonu ona qaytarmağını tələb etdi. Şəxs oğlunun özünün xidməti iş gələrək həmin nağd pul və əşyaları götürə biləcəyini onu nəzərinə çatdırdıqda etiraz etiraz əlaməti olaraq xidməti iş otağında səs-küy salıb Mingəçevir ŞPŞ-in iş fəaliyyətini 10-15 dəqiqə pozmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in CAB-ın əməliyyat müvəkkili X5 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:50 radələrində xidməti iş otağında olarkən Mingəçevir ŞPŞ-in İB-in baş müstəntiqi, polis mayoru Səxavət Məmmədovun otağından ucadan səs-küy gəldiyini eşidərək dərhal digər xidməti iş otağına getmişdir. Xidməti iş otağında Şəxs ucadan səs-küy salıb Şöbənin iş fəaliyyətinin pozulmasına yönələn qərəzli hərəkətlərə yol verdiyini görmüşdür. Qonşu kabinetlərdə olan şəxslər də səs-küyü eşidib xidməti iş otağına gəldilər. Bundan sonra Şəxs xidməti iş otağından çıxarıldı. Onda Şəxs etdiyi qanunsuz hərəkətləri barədə hadisənin iştirakçısı olaraq şəxslərə akt tərtib edilərək, Şöbənin rəhbərliyinə həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla müraciət edildi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in CAB-ın əməliyyat müvəkkili X2 şahid X5 ilə eyni məzmunlu izahat verərək onun izahatında irəli sürdüyü fikirləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə İXM-in 86.1.2, 88 və 89-cu maddələrinə əsasən, inzibati xətanın qarşısını almaq məqsədilə xx.xx.2023-cü il saat 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli, 324 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə prtokolundan görünür ki, Şəxs inzibati xəta tərkibli əməlləri törədərkən ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən verilmiş vəsiqənin surətindən gprünür ki, Şəxs, həqiqətən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. İş materiallarına əlavə edilmiş AA seriyalı 45655 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Şəxs Ağdam rayonunda doğulmuşdur və məcburi köçkündür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını şahidlərin izahatlarını dinləyib, iş materiallarını müqayisəli şəkildə nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini qəbul etməməsini şəxsin özünü müdafiə üsulu kimi qiymətləndirir. Belə ki, şəxsin irəli sürdüyü dəlillər şahidlərin izahatları və digər sübutlar ilə təkzib olunmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs müharibə veteranı və məcburi köçkün olmasını İXM-in 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4 (dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən, saat 19:50-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-366/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-366/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver