Məhkəmə qərarları › İş №3(051)-366/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-366/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-366/2025 24.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş şəxs X9 iştirakı ilə X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-366/2025 saylı qərarı ilə şikayət təmin edilmiş, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-366/2025 saylı qərarının ləğv edilməsi və X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-216/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(051)-366/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, 15 aprel 2025-ci il tarixində AR ƏƏSMN yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən onun barəsində MN ******* saylı protokol tərtib olunmuş və bildirilmişdir ki, guya işçilərə minimum əmək haqqından aşağı miqdarda əmək haqqı verir və bununla da əmək qanunvericiliyinin tələblərini pozur. Bütün bu sənədlərlə, protokol və inzibati qərarla razı deyildir. Etirazını da X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəsmilərinə bildirmiş, lakin nəticə əldə edə bilməmişdir. Bütün əməkdaşlara 2025-ci ilin yanvar ayından başlayaraq minimum əmək haqqının qalxmasını nəzərə alaraq müvafiq qaydada əmək haqqı ödəmiş, həmin əmək haqqı məbləğlərindən müvafiq vergi, sosial və sığorta xərcləri tutulmuş və bütün bunlar Vergi Xidmətinə təqdim edilmiş rüblük hesabatda da öz təsdiqini tapmışdır. Təqdim edilmiş sübutları nəzərə almadan qanunsuz şəkildə protokol və sonra da X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında 29 aprel 2025-ci il tarixli, MN ******* saylı qərar qəbul edilməklə AR İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, hadisənin baş verməsində təqsiri yoxdur. Təqsirsiz olduğuna görə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından işə xitam verilməlidir. X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmadan mübahisəli məsələni obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırmamışdır. Eyni zamanda, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin inzibati orqan tərəfin izahatlarını heç bir sübutla yoxlamamış və səhv qiymət vermişdir. X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi müvafiq sübutların olmaması ilə bağlı məsələyə baxmamışdır. X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. İnzibati xəta haqqında qərarı 03 may 2025-ci il tarixində poçt vasitəsilə almışdır. İşçilərin imkanı yoxdur ki, smartfon telefon alıb, müqaviləni təsdiq etsinlər. Əmək haqqını yanvar ayından etibarən artımla əlbəəl ödəmişdir. Kart sisteminə keçməmişlər. Əmək haqqının ödənişləri ilə bağlı Vergi İdarəsinə rəsmi hesabat vermişdir. Kafenin mühasibatlığı var və aybaay vergi hesabatı verirlər. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında X17 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini, X20 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndə X4 izahat verərək şikayətin əsaslarını qəbul etməyib bildirmişdir ki, Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 01-dən minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Lakin “Qarqarçay” kafesinin sahibi X17 onun tabeçiliyində olan 4 nəfər işçiyə Respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı vermişdir, yəni əmək məşğulluğunun alt sistemində 345-350 manat məbləğində əmək haqqı verilməsi görünür. Barəsində protokol tərtib edildikdən sonra dəyişiklik edilməsini göstərsə də, lakin bu öz təsdiqini tapmamış, belə ki, işçilər tərəfindən həmin müqavilə təsdiq edilməmişdir. Bu səbəbdən həmin dəyişiklik öz qüvvəsini almamışdır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahat verərək bildirdi ki, işəgötürən X12 məxsus “Qarqarçay” kafesində 1 ildən çoxdur ki, ofisiant kimi işləyir. İş saatları səhər 9-dan günorta təxminən 12-yə kimidir. İşəgötürənlə əmək müqaviləsi bağlamışdır və əmək haqqısı 200 manatdır. Onunla birlikdə həmin kafedə 4 nəfər ofisiant olaraq işləyirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahat verərək bildirdi ki, işəgötürən X12 məxsus “Qarqarçay” kafesində təxminən 1 il müddətində ofisiant kimi işləmişdir. Hazırda həmin kafedə işləmir. Orada işləyən zaman iş saatları səhər 9-dan 5-yə kimi olmuşdur. İşəgötürənlə əmək müqaviləsi bağlamışdır və əmək haqqısı 300 manat olmuş, cari ilin əvvəlindən isə əmək haqqında artım olmuşdur. Hazırda “SİMA” rəqəmsal imza tətbiqi vasitəsi ilə əmək müqaviləsi imzalamaqla başqa bir yerdə işləyir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X17 4 sayda işçinin əmək haqqı AR Əmək Məcəlləsinin 154-cü və 155-ci maddələrinin tələblərinə riayət etməyərək Respublika üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı vermişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-M-26135/2025 saylı X20 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən X12 minimum əmək haqqı ilə bağlı görüləcək tədbirlər haqqında bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-M-32700/2025 saylı X20 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən X12 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması üçün dəvət olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən və sahibkar X17 ilə X11 arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, işçilər X15, X2 və X3 aylıq əmək haqqının məbləği 345 manat, X5 aylıq əmək haqqının məbləği 350 manatdır. İşçilər barədə şəxsi məlumatlardan görünür ki, işçilər X8, X18 və X6 hesablanmış əmək haqqı 2025-ci il yanvarın 1-dən müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqı məbləğindədir. X1 və X14 hesablanmış əmək haqqı yarımştat üzrə 2025-ci il yanvarın 1-dən müəyyən edilmiş 400 manat minimum aylıq əmək haqqı məbləğinin yarısı, yəni 200 manat məbləğindədir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 iyun 2025-ci il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicisi X17 tərəfindən 2025-ci ilin 1-ci rübü (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) üzrə vergi orqanına təqdim edilmiş vahid mdss bəyannaməsinə əsasən işçilərə hesablanmış əmək haqqından müvafiq tutulmalara dair məlumat məhkəməyə göndərilmiş, həmçinin bildirilmişdir ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) hesabat dövrü rübdür və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verilir. Vergi ödəyicisi X17 tərəfindən 2025-ci ilin 1-ci rübü (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) üzrə vergi orqanına təqdim edilmiş vahid mdss bəyannaməsinə əsasən işçilərə hesablanmış əmək haqqından müvafiq tutulmalara dair AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məlumatdan görünür ki, X19, X10, X11, X24 və X5 adları qarşısındakı rüb qrafasında müvafiq olaraq 600, 600, 1200, 1200 və 1200 göstərilmişdir. X14 əmək haqqı və digər gəlirlər 1-ci ay üzrə 200 manat, 2-ci ay üzrə 200 manat, 3-cü ay üzrə 200 manat, X7 1-ci ay üzrə 200 manat, 2-ci ay üzrə 200 manat, 3-cü ay üzrə 200 manat, X6 1-ci ay üzrə 400 manat, 2-ci ay üzrə 400 manat, 3-cü ay üzrə 400 manat, X18 1-ci ay üzrə 400 manat, 2-ci ay üzrə 400 manat, 3-cü ay üzrə 400 manat və X8 1-ci ay üzrə 400 manat, 2-ci ay üzrə 400 manat, 3-cü ay üzrə 400 manat hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin “x” bəndinə əsasən bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 2-ci hissəsinə əsasən minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.1-ci maddəsi ilə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, X9 “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərinin əmək haqları minimum əmək haqqından (400 manat) az olduğu müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməli, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar