Məhkəmə qərarları › İş №3(051)-368/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-368/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-368/2025 16.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983–cü il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Varvara Ərazi Dairəsi, Varvara kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə baş vemiş YNH ilə bağlı eyni məzmunlu əsassız müraciətlər etmişdir. Bununla ağlı bir neçə dəfə araşdırma aparılmasına, Şəxs dəfələrlə məlumat verilməsinə baxmayaraq DİN-nin 102 xidmətinə dəfələrlə müraciət etmişdir. Etdiyi müraciətlərə görə Şəxs istifadəsində olan mobil nömrəsinə bir neçə dəfə onlar tərəfindən zəng edilərək həmin müraciətlərlə əlaqədar olaraq izahat verməli olması bildirilmiş həmin müraciətlərə məhəl qoymamışdır. xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Şəxs mühafizəçi işlədiyi "xxxx" MMC mərkəzi X8 Mingəçevir şəbəsinə yaxınlaşdı. Şəxs etdiyi müraciətlərlə əlaqədar olaraq izahat verməsi zərurəti yaranması bildirməsinə baxmayaraq polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Polis şöbəsinə gətirilən zaman polis şöbəsində polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etsələr də, qanuni tələblərə tabe olmamağa başlamışdır. Bundan sonra Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, polisin ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. O, əvvəl prezident administarasiyasına müraciət etmiş, oradan isə ona bildirmişlər ki, DİN-lə əlaqə saxlasın. Ondan sonra o, DİN-nə müraciət etmişdir. Onun DİN-ə müraciət etməsinin səbəbi isə bir il bundan əvvəl onun avtomobilinə qəza zamanı ziyan dəymiş, o, isə bu işin araşdırılmasını tələb etmişdir. Onu dəfələrlə şöbəyə çağırdılar ki, gəlib şikayət ərizəsini götürsün. Onun polis əməkdaşlarına qarşı pis münasibəti olmamış, polis orqanı işçisinə qarşı heç bir neqativ hərəkətləri olmamışdır. O sadəcə DİN-ə zəng vuraraq qəza zamanı onun avtomobilinə dəymiş ziyanın araşdırılmasını tələb etmişdir. O, işdə olan zaman polis işçisi onun yanına gəlib şöbəyə dəvət etmişdir. O, isə formada olan vaxt aparılmamasını xahiş etmiş, başqa bir zaman şöbəyə gəlməsini istəmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Lakin onlara qarşı müqavimət göstərməmişdir. Özü polis şöbəsinə getmiş izahat vermişdir. Məhkəmə iclası zamanı Mingəçevir ŞPŞ-nin YPX-nin əməkdaşı şahid X2 bildirdi ki, o, həmin şəxsi tanımır. Şəxsi polis şöbəsinə dəvət etmişlər, lakin şəxs onlarla mübahisə etmiş, yüksək səslə danışmış, sonradan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Mingəçevir ŞPŞ-nin əməkdaşı şahid X7 bildirdi ki, o, həmin şəxsi tanımır. Şəxs DİN-nin 102 xidmətinə dəfələrlə zəng etmiş, onu polis şöbəsinə dəvət etmişlər lakin o dəfələrlə gəlməkdən imtina etmişdir. Daha sonra onun işlədiyi əraziyə gedilmiş bu zaman onlarla mübahisə etmiş, yüksək səslə danışmış, sonradan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Mingəçevir ŞPŞ-nin əməkdaşı şahid X5 digər iki şahid X2 və X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və eyni məzmunlu ifadə vermişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə baş vemiş YNH ilə bağlı eyni məzmunlu əsassız müraciətlər etmiş, polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmaqla, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, onun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, X6 barəsində İXM-in 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar