Məhkəmə qərarları › İş №3(051)-374/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-374/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-374/2022 19.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə ünvan 1 ünvanında fəaliyyət göstərən VÖEN:**********) Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Şəxs ASC (VÖEN:**********) Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli 01-26-2-2022-4485 saylı məktubu ilə tələb edilən sənədləri (2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan EP №0030867 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC (VÖEN:**********) Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli 01-26-2-2022-4485 saylı məktubu ilə tələb edilən sənədləri (2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 01-26-2-2022-4485 saylı məktubdan görünür ki, 2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 0126-2-2022-6672 saylı məktubdan görünür ki, 2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələb edilmiş, əks halda AR İXM-in 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs ASC tərəfindən 2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməsi tələb edildiyi halda, bu öhdəlikləri icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs ASC-nin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sənədlərə əsasən müəyyən edildi ki, 2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər Şəxs ASC-dən tələb edildiyi halda, həmin sənədlər göstərilmiş müddət ərzində AR Mərkəzi Bankına təqdim edilməmişdir. AR İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs ASC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar