Məhkəmə qərarları › İş №3(051)-376/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-376/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-376/2020 17.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Mingəçevir şəhəri Şəfəq küçəsi 30 №li evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* №li xx.xx.2020-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən kafedə müştərilərə xidmət göstərərək karantin rejim qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bir ildən çoxdur ki, Mingəçevir şəhəri Sahil küçəsində yerləşən kafeni işlədir. Həmin kafe qudası Kazım adlı şəxsin həyətyanı torpaq sahəsinin bir hissəsində yerləşir. Kür çayının sahilindədir. Karantin müddətində işləmədiyinə görə kafe pis vəziyyətə düşmüş, natəmizlik yaranmış, stollar yerləşən yeri çayın ləpələri yuyub aparmışdı. xx.xx.2020-ci il tarixdə həmin kafedə təmizlik işi aparırdılar. Qohumları da ona təmizlik işlərinə köməklik edirdilər. Yeddi nəfər şəxs idi. Çınqıl və daşlarla həmin əraziləri bərpa edirdilər. Köməyə gələn işçilər nahar vaxtı kafenin stollarında oturub yemək yeyirdilər. Bu vaxt polis əməkdaşları kafeyə gəldilər və onun barəsində protokol tərtib olundu. Karantin rejim qaydalarını pozduğu üçün əməlindən peşimandır. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs əməlindən peşiman olması, məsuliyyətini yüngülləşdirən digər halı nəzərə alaraq hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar