Məhkəmə qərarları › İş №3(051)-385/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-385/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-385/2024 10.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs narkotik vasitə olan marixuananın istifadəsində şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılmış, Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş və orada baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar olunmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəşevir Şəhəri Narkoloji Mərkəzində müayinə olunarkən THC(marixuana) aşkar edilmişdir. Məhkəmədə Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 bildirdi ki, icraatına Mingəçevir şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı Qoşqar Əhmədlinin raportu daxil olmuşdur. Həmin raporta əsasən Mingəçevir şəhər sakini Şəxs özünü şübhəli apardığı üçün şəhər polis şöbəsinə gətirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla bağlı tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, Mingəçevir şəhərində anası ilə birlikdə yaşayır. O, əvvəllər də narkotik vasitədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı zəng edərək bildirdi ki, onu PŞ-dən axtarırlar. O da həmin gün Mingəçevir Şəhər PŞ-nə getmişdir. xx.xx.2024-cü il tarixdə ondan narkotik vasitənin təsiri altında olmasında özünü şübhəli apardığı üçün Mingəçevir Şəhər Narkoloji Dispanserində həkim narkoloq tərəfindən müayinədən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməlindən peşmandır. Barəsində inzibati cərimə tənbeh növünün seçilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN №1860236 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cımaddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 574/2024 saylı "Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC(marixuana) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X4 X3nın xx.xx.2024-cü il tarixli 1020 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X4 X3 haqqında 08 iyun 2024-cü il tarixli, 1020 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 13-cü qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etiraf edərək əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmadığı nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar