Məhkəmə qərarları › İş №3(051)-396/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-396/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-396/2025 04.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Barəsində qərar çıxarılmış X2 iştirakı ilə, X2 Mingəçevir şəhər Pois şöbəsi tərəfindən inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxslər tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişlər. Barəsində qərar çıxarılmış X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aprel ayının əvvəlində anasına məxsus mənzilin sanitar qovşağını təmir etdirirdi. Sanitar qovşağın yenidən təmiri zamanı istifadəyə yaramayan, şəhər mənzilində istismarı münasib hesab edilməyən kafel və bu kimi materialları qablaşdıraraq, müvəqqəti olaraq 2025-ci ilin 4 aprel tarixində mənzilin eyvanının altına qoydu. Məqsədi həmin materialları ata yurdu olan Yevlax rayonu, Havarlı kəndində təkrar istifadə etmək idi. Təkrar qeyd etmək istəyir ki, bu əşyalar tullantı deyil, sadəcə şəhər mənzilində istifadəsi estetik baxımdan uyğun olmasa da, kənd yerində istifadəsi münasib olan əmlak idi. Bu məqsədlə münasib qiymətə razılaşdığı avtonəqliyyat vasitəsi də tapmışdı və behini vermişdi. Ayın 4-də sürücü zəng vuraraq təcili işi çıxdığını (səhv xatırlamıramsa, yoldaşının xstələndiyini) bildirdi və yükü sabah - yəni 5 aprel tarixində götürə biləcəyini dedi. Oda ailəli olduğuna və belə bir halın başına gəldiyinə görə, insanlıq naminə etiraz etmədi. Razılaşdıqları kimi, 2025-ci ilin 5 aprel tarixində səhər saatlarında qeyd olunan əşyalar ərazidən götürülərək atasına məxsus kənd evinə daşındı. Bildirmək istəyir ki, təkrar istifadə məqsədilə öz mənzilimin eyvanının qoyduğu əmlakın ora yerləşdirilməsinin qadağan olunduğunu bilməmişdir. Nə ərazi üzrə cavabdeh olan Mənzil İstismar Sahəsindən, nə də ərazi üzrə polis sahə müvəkkilindən bu barədə ona heç bir məlumat və ya xəbərdarlıq verilməyib. Əmlakın oradan götürüldüyü gün, yəni 2025-ci ilin 5 aprel tarixində onu şəhər Polis Şöbəsinə zəng vuraraq dəvət etdilər. Özünü Şəhriyar küçəsi 2 ünvanı üzrə müvəqqəti sahə polis müvəkkili kimi təqdim edən polis əməkdaşı, əmlakı ora qanunsuz qoyduğunu, buna görə də cərimə ediləcəyini, hətta işin bağlanması üçün ondan 500 (beş yüz) manat tələb etdi. Oda bərbər işlədiyi, başqa gəlir yeri olmadığını, yalnız bu işlə ailəsini dolandırdığını və bu qədər pulunun olmadığı həmçinin əmlakın artıq ərazidən götürüldüyünü bildirdi. Buna baxmayaraq, həmin polis əməkdaşı ona hüquqlarını izah etmədən, xətanı açıqlamadan, hansı məqsədlə olduğu bilmədiyi və məzmununu başa düşmədiyi bir ərizə yazdırdı. Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən barəsində, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EXP ******* nömrəli protokola əsasən EPQ № ******* nömrəli qərar qəbul edilmiş və bu qərar 2025-ci ilin 22 may tarixində ona poçt vasitəsilə təqdim olunmuşdur. Odur ki, Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli EPQ Ⅶ ******* saylı inzibati təhbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 263.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər Polis şöbəsi tərəfindən Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Qərarı qəbul etmiş Mingəçevir ŞPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir Məhkəmə qərarı qəbul etmiş Mingəçevir ŞPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində qərar çıxarılmış X3 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və əlavə olaraq bildirdi ki, həmin əşyaları tullamaq məqsədilə deyil, yenidən istifadə edilməsi məqsədilə mənzilin qarşısına qoymuşdur. Hərəkətinin məsuliyyət daşıyacağı barədə məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə, xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan işdə olan xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 266.3-ci maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir şəhər Polis şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsinə əsasən vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. X2 qeyd olunan mənzilinin qarşısında qoyulan əşyaların tullantı deyil, istifadəyə yararlı əşya kimi təkrar istifadə edilməsi müvəqqəti olaraq mənzilin qarşısına qoyduğunu bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. Əksinə bu halı təsdiq etmiş, hərəkətinin məsuliyyətə səbəb olacağından məlumatsız olduğunu bildirmişdir. Həmçinin ona, polis əməkdaşı tərəfindən 500 manat tələb olunduğunu bildirsə də, bununla bağlı müvafiq orqana müraciət etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun İXM-nın 266.3-cü maddəsində qeyd edilmiş inzibati xəta hadisəsini törətməsini təsdiq etmişdir. Ona görə də X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Mingəçevir şəhər Polis şöbəsinin vəzifəli şəxsinin, X2 Azərbaycan Respublikası İXM–nin 266.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Mingəçevir şəhər Polis şöbəsinin vəzifəli şəxsinin, X2 Azərbaycan Respublikası İXM–nin 266.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar