Məhkəmə qərarları › İş №3(051)-397/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-397/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-397/2024 20.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci və İXM-in 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı verdiyi izahatında prtokola uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, yalnız İXM-in 535.1-ci maddəsi ilə olan protokolu tərtib etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində YPX əməkdaşları xidmətdə olan zaman H.Əliyev prospektində tekstilninin qarşısında işıqforun qırmızı işığında keçmişdir. Sonra sərxoş olduğu müəyyən edilmişdir. Narkoloji müayinədən keçməsi tələb olunarkən imtina etmişdir. X8 gətirilən zaman polis əməkdaşları ilə sözlü mübahisə yaranmışdır. Xüsusi bir insident baş verməmiş, sadəcə olaraq içkili olduğundan ondan adını və s. kimi məlumatlar tələb olunduğu zaman o onları söyləməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, işıqforun qırmızı işığında keçməsinin səbəbi odur ki, o, Sumqayıt şəhərində yaşayır. Həmin şəhərdə elə bir yer var ki, orada elə keçmək lazımdır. O qırmızı işıqda keçdiyi yeri həmin yerlə səhv salmışdır. Onun məqsədi nə hörmətsizlik etmək, nə də avtoxuliqanlıq etmək olmamışdır. Onu sərxoş vəziyyətdə tutmuşlar. Həqiqətən, narkoloji müayinədən imtina etmiş və bundan sonra onu Polis Şöbəsinə gətirmişlər. YPX əməkdaşları onları saxladığı zaman onlar sağa çəkib yerlərini dəyişdirdilər. Buna baxmayaraq polis əməkdaşları sükan arxasında onu gördüklərini bildirib ona yaxınlaşdılar. O isə onlara avtomobili onun idarə etmədiyini söyləmişdir. Bundan sonra onlar Polis Şöbəsinə getmişlər. Ondan analiz verməsi tələb olunmuşdur. O isə buna etiraz edərək avtomobili idarə edənin o olmadığını bildirmişdir. Kim sükan arxasında idisə, həmin vaxt o da cavabdeh olmalıdır. Bundan başqa o bildirir ki, o həmin vaxt içkili olduğundan Polis Şöbəsinin qarşısında dayanmış və nəfəs almağa çalışmışdır. Lakin polis əməkdaşları onu anlamamışdır. Polislərdən onunla mərifətli danışmalarını tələb etmişdir. Təqsirini etiraf edir. Əməlindən peşmandır. İş üzrə şahid qismində çıxış edən X5 bildirir ki, Şəxs onun xalası oğludur. Onlar öz mağazalarında olmuşlar. Oradan çıxıb evə gedirmişlər. Mingəçevir şəhərində tekstilnidə olmuşlar. YPX əməkdaşları ilə üzbəüz gəliblər. Onlara saxlamaq əmri verilmişdir. O həmin vaxt avtomobildə olmuşdur. O Tahirdən avtomobilini saxlamasını istəmişdir. Bunun səbəbi YPX əməkdaşları olmamışdır. Belə ki, Tahir bir az sərxoş olmuş, ona görə də avtomobili özü sürmək istəmişdir. Onları saxladılar. Polis əməkdaşları analizə getməli olduğunu bildirdilər. Xalası oğlu Tahir avtomobilə keçdi. Onlar isə polis əməkdaşları ilə birlikdə cərimə meydançasına getdilər. Onlar artıq avtomobildə söhbət etdilər, o polis əməkdaşları ilə mübahisə olmasından xəbərdar deyil. Onun gördüyü bu olmuş ki, avtomobildə onlar söhbət edirlər. Söhbət ondan kənarda avtomobildə olmuş və o heç bir şey eşitməmişdir. Onu da polis Şöbəsinə çağıran zaman orada Tahirlə polis əməkdaşları arasında əl-qol hərəkətləri olmadan sözlü mübahisə olduğunu görmüşdür. Güclü mübahisə olmamışdır. Ümumiyyətlə, mübahisə olmamış öz aralarında söhbət etmişlər. Onlar avtomobildə yerlərini dəyişərkən onda bir az mübahisə olmuşdur. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin polis əməkdaşı X6 bildirdi ki, Şəxs o saxlamışdır. Tekstilnin qabağı deyilən yerdə, yəni Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində tekstilnin qarşısında saxlamışdır. Orada sola dönərkən qarşıda olan işıqforda qırmızı işıq yandıqda dayanmaq lazımdır. Arxa yoldan gələni buraxmaq üçün 1 nöqtə 12 xətt var. Bu adam orada dayanmadı. Onlarda ona işarə verdilər ki, dayansın. Amma dayanmadı. Arxası ilə izlədilər. Sonra dayandı. Onlara yaxınlaşanda məlum oldu ki, sürücü yer dəyişib. Yaxınlaşaraq anlamış ki, yer dəyişmişlər. Baxıb ki, içkilidir və bunu özü də etiraf etdi. Onu yoxlamağa aparmışlar. Hər sərxoş sürücünü Narkoloji Dispanserə aparırlar. Yolda o Dispanerə getməyə etiraz etmiş və avtomobildə enməyə çalışmışdır. O buna imkan verməmiş və X10 gətirmişdir. Belə ki, şəxs etiraz etdikdə onu Polis Şöbəsinə gətirir və orada etiraz etməzsə, yoxlayırlar və ondan sonra buraxırlar. Polis Şöbəsinə daxil olmaq istəmədi. PPX-ın komandirin müavinin köməkliyi ilə onu qolundan tutaraq Şöbənin binasına daxil etmişlər. Bununla da Tahir etiraz etməklə və tabe olmamaqla onların bir neçə saat vaxtını almışdır. Həkimdən keçmək istəmədi. Hal şahidləri gətirsə də, Tahir onları əli ilə hədələyərək qovdu. 2 dəfə qaçmaq cəhdi etmişdir. Gah növbətçi hissə, gah da qapı postu onu qaytarmışdır. O heç vaxt tabe olmamışdır. Ona görə də məcbur qalıb sərxoşluqdan yayınma ilə bağlı protokol tərtib etməli olmuşdur. Əlavə olaraq tabe olmadığı üçün İXM-in 535.1-ci maddəsi yarandığından Polis Şöbəsində saxlanıldı. Taleh avtomobili idarə etmədiyini bildirsə də, onun əlində Talehin həmin vaxt avtomobil idarə etdiyinə dair video görüntü var. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin polis əməkdaşı X7 bildirdi ki, H.Əliyev prospektində avtopatrul maşını ilə hərəkətdə olarkən görmüşlər ki, bir avtomobil işıqforun qırmızı işığına məhəl qoymadan ötüb keçmişdir. Saxladıqları zaman 2 nəfərin qabaqda, arxada isə ailənin oturduğunu müəyyən etmişlər. Anlamışlar ki, sürücü yerdəyişmə etmişdir. İş yoldaşı YPX əməkdaşı Aqil yerdəyişməni sübut etdi. Bundan sonra niyə yerdəyişmə etdiklərini soruşdular. Əvvəl tabesizlik etdi sonra o söyləmiş ki, 1 litr spirtli içki qəbul etmişdir. Ona görə də içkili tutulmamaq üçün yerini dəyişmişdir. İş yoldaşı müayinə olunması üçün Narkoloji Dispanserə dəvət etdi, lakin o yolda tabesizlik göstərdi. Bundan sonra tabesizlik etdiyi üçün onu Polis Şöbəsinə dəvət etmiş və Narkoloji Dispenserdən müayinə üçün həkim dəvət etmişlər. O qaçmağa cəhd göstərmiş, lakin onun həmin cəhdi PPX mayoru tərəfindən dayandırılmışdır. Bununla bağlı video görüntü də vardır. Tahir dəfələrlə tabesizlik göstərmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində DYP-nin YPX əməkdaşları tərəfindən saxlanıldıqda nizam-intizamsızlıq etmiş qanuni tələbə tabe olmamışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyəti vardır. Rəy vermək mümkün olmadı. Vətəndaş yoxlamadan imtina edir. İşdə olan CD diskdə olan video görüntüdən görünür ki, qara rəngli avtomobil avtomobil yolu ilə irəliləyərək işıqfordan keçir və gedir. İşdə olan CD diskdə olan video görüntüdən görünür ki, qara rəngli avtomobil yol hərəkəti qaydalarını pozur və YPX-ə məxsus polis avtomobili sayrışan işıqları yanılı vəziyyətdə onun arxasınca gedir. İşdə olan CD diskdə olan video görüntüdən görünür ki, Şəxs “haranı yığmaq lazımdırsa, yığım, imtina edirəm, mən” deyir. Çəkilişi aparan polis əməkdaşı ondan ad və soyadını söyləməsini tələb edir. Şəxs bundan da imtina edir. Həmçinin o polis əməkdaşının çəkiliş aparmasına etiraz edir və narazılığını bildirir. Polis əməkdaşı isə “buna ixtiyarı olduğunu” ona söyləyir. Polis əməkdaşı iki hal şahidinin olduğunu söyləyib onların yaxınlaşmasını xahiş edir. Bu zaman Şəxs reaksiya göstərərək “Bunlardırmı hal şahidi? Sizsiniz hal şahidi?” söyləyərək yenidən etiraz edir. Polis əməkdaşı isə onlarla sərt danışmamasını və əl-qol hərəkətlərinə fikir verməsini eyni zamanda isə “camaatı qorxutmamasını” tələb edir. Hal şahidləri bu söhbətlərdən sonra Şöbənin əsas binasından çıxıb çıxışında dayandıqlarından polis əməkdaşı onları yenidən geriyə çağırır. Bu zaman Şəxs onlara belə bir sual ünvanlayır ki, “şahidsən sən mənə?” həmin şəxs isə ona “yox” deyə cavab verir. İşdə olan CD diskdə olan fotoşəkillərdən görünür ki, Mersedes-Benz markalı, qara rəngli avtomobil işıqforun qarşısında hərəkətdədir. İşdə olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, Mersedes markalı, sedan tipli, E-klas modelli **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs ağzından spirtli içki iyi gəlməsi səbəbindən tibbi müayinəyə göndərilmişdir. İşdə olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, X3 məxsus Mersedes markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. İşdə olan AZEMİS-dən çıxarışdan görünür ki, Şəxs bundan əvvəl inzibati xəta törətməmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, şahid qismində dindirilmiş X5 tərəfindən verilmiş ifadədə bir-birinə zidd halları göstərdiyindən və ifadənin ümumi məzmunu nəticəsində ziddiyətli ifadə verməsi səbəbindən onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, o, məhkəmə iclası zamanı verdiyi ifadəsində bəzən polis əməkdaşları ilə Şəxs arasında mübahisə olduğunu bəzən isə onların sadəcə söhbət etdiklərini və heç bir mübahisənin olmadığını bildirmişdir. Buna baxmayaraq məhkəmə digər şahidlərin ifadələrini və CD-Diskdəki görüntüləri əsas götürərək hesab edir ki, Şəxs, həqiqətən, polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində yol hərəkəti qaydalarını pozduğundan saxlanılmışdır. Polis əməkdaşları onlara yaxınlaşana kimi sürücü yer dəyişmişdir. Polis əməkdaşları onlara yaxınlaşdıqda bunu anlamışlar. Sonra isə polis əməkdaşlarında avotmobili idarə etdiyini gördükləri şəxs olan Şəxs sərxoş olması şübhəsi yaranmışdır. Buna görə də onu müayinəyə aparmaqla patrul xidmətinin avtomobili ilə getmişlər. Lakin Şəxs yolda etiraz etdiyindən onu Polis Şöbəsinə aparmışlar. Bundan sonra o Polis Şöbəsində o adını söyləməkdən imtina etmişdir. O daim polisə etiraz etmişdir. Həmçinin sərxoşluq vəziyyətinin müayinəsindən də imtina etmişdir. Bütün bunlar həm iddiaçının etirafedici izahatı, həm də məhkəmə iclası zamanı baxış keçirilmiş CD-disk ilə təsdiq olunur. Bununla da Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Bundan sonra o, polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmaqla, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadəsi, habelə işdə olan materiallarla, CD-Diskdə olan video görüntü ilə, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, İXM-in 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati qaydada tutulması haqqında protokol, məhkəmə iclası zamanı baxış keçirilmiş CD-Diskdəki görüntü və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İXM-in 34.2-ci maddəsi əsas götürülməklə Mingəçevir şəhər Məhkəməsinin 3(051)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə müvafiq olaraq 3(051)-398/2024 saylı inzibati iş, 3(051)-397/2024 saylı işlə birləşdirilmiş, 3(051)- 397/2024 nömrə ilə qeydiyyata alınmış və həmin işlərə eyni vaxtda baxılması qərara alınmışdır. Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli üst məktubundan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli inzibati protokol baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə təqdim olunmuşdur. Şəxs barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol edilərək onun İXMin 327.1-ci və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Belə ki, o bunu məhkəmə iclası zamanı həmin vaxt avtomobildə olan X5 ilə yerdəyişmə etdiyini avtomobili o idarə etdiyi halda polis əməkdaşlarını aldatmaq istədiyini etiraf etmişdir. Bundan başqa o avtomobili idarə etməzdən əvvəl spirtli içki qəbul etdiyini “içkili vəziyyətdə” avtomobil idarə etdiyini də etiraf etmişdir. Lakin onu müayinə üçün polis əməkdaşları aparan zaman o etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onu Polis Şöbəsinə gətirmiş və müayinə üçün həkim dəvət etmişlər. Lakin o müayinədən imtina etmişdir. Onun müayinədən imtina etməsi həm özünün məhkəmə iclası zamanı verdiyi izahatından, həm də Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli Aktda da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs İXM-in 343.1-ci maddəsində göstərilən xətanı törətməsi inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt və onun etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, həmin xətaların az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs həm İXM-in 535.1-ci maddəsində göstərilən xətanı, həm də İXM –in 343.1-ci maddəsində göstərilən xətanı törətmişdir. Onun həmin xətanı törətməsi məhkəmə iclası zamanı kifayət qədər sübutlar və şahid ifadələri ilə sübut edilmişdir. Bundan başqa Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında hər iki xətanı törətdiyini etiraf etmişdir. O, təqsirini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Beləliklə hər iki xətanın sanksiyası həddində hər bir xəta haqqında ayrıayrılıqda onun barəsində tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-in 34.1-ci maddəsinin məzmunundan da aydın olur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-in 32.1.1-ci maddəsinə görə, ilk dəfə inzibati xəta törətməsini İXM-in 32.2-ci maddəsinə görə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Şəxs xətanı sərxoş halda törətməsini İXM-in 33.1.7-ci maddəsinə görə ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə İXM-in 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici halların və ağırlaşdırıcı halların olmasını, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə İXM-in 343.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici halların və ağırlaşdırıcı halların olmasını, xətanın yol hərəkəti qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının onu sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparmasına baxmayaraq tibbi müayinədən imtina etməsini və şəxsin nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırılmasının lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə İXM-in 34.3-cü maddəsinin hazırki iş üzrə tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, həmin maddənin məzmunundan aydın olur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs barəsində icraat aparıldığı İXM-in 535.1-ci maddəsi ilə təqsirli hesab edilməli və sanksiyada nəzərdə tutulan inzibati həbslə cəzası verilməli, İXM-in 343.1-ci maddəsi ilə təqsirli hesab edilməli və və sanksiyada nəzərdə tutulan cərimə cəzası verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş inzibati tənbehlər tamamilə toplanılmaqla Şəxs üzərində qəti olaraq 8 gün inzibati həbs və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi saxlanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz ) gün müddətinə inzibati həbs edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş inzibati tənbehlər tamamilə toplanılmaqla Şəxs üzərində qəti olaraq 8 gün inzibati həbs və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi saxlanmalıdır. Həbsetmənin əvvəli tutulduğu vaxtdan xx.xx.2024-cü il tarixdən saat 23:55-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar