Məhkəmə qərarları › İş №3(051)-403/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-403/2021

10.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-403/2021 10.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən Çinar restoranında ad günü məclisi təşkil edərək karantin qaydalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən Çinar restoranında ofisiant işləyir. xx xxxxx 2021-ci il tarixdə işlədiyi restoranın VİP zalında ad günü məclisi keçirilmişdir. Ad günü məclisinin keçirilməsinə restoranın inzibatçısı Elşən Cahangirov icazə vermişdir. O isə yalnız ofisiant kimi qonaqlara xidmət etmiş və ad gününün keçirilməsinə heç bir əlaqəsi olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İş materiallarını araşdırıb və X.Sultanov izahatını dinləyib hesab edirəm ki, Xəyyam Sultanovun sözügedən inzibati xətanı törətməsi iş materialları ilə öz əksini tapmamışdır. Belə ki, Şəxs restoranda ofisiant işləyir və restoranın sahibi və inzibatçısı olduğu halda onun hər-hansı məclis təşkil etməsi ağlabatan deyil. Ad günü məclisi təşkil etmək ofisiantın səlahiyyətinə aid olmadığı üçün Şəxs inzibati məsuliyyətə cəlb olunması da qanuna müvafiq deyil. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar