Məhkəmə qərarları › İş №3(051)-403/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-403/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-403/2024 03.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs yetkinlik yaşına çatmayan: Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Mingəçevir Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdam rayonu, Kəngərli ərazi dairəsi, Şirvanlı kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 2106 minik markalı **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcı qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı Opel Astra minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapı və qanadına maddi ziyan dəymişdir. Yetkinlik yaşına çatmayan Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasında yaşayan X1 məxsus, onların məhləsində saxlanılan VAZ 2106 markalı **-BL-*** nömrəli avtomobilin açarlarını evdən alıb, avtomobillə Mingəçevir şəhərinə getmişdir. Saat 10:00 radələrində şəhərin A.Şaiq küçəsində binanın qarşısından hərəkətə başlayıb baş yola çıxan zaman əks yolla hərəkət edən Opel markalı **-CE-*** nömrəli avtomobilin yoluna çıxaraq onun sol tərəf arxa qapı və qanadından vuraraq əzmişdir. Hadisəyə səbəb onun Opel markalı avtomobilin yoluna çıxmağı olmuşdur. Avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Hadisə zamanı avtomobildə tək olmuşdur, heç bir bədən xəsarəti almamışdır. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-CE-*** nömrəli avtomobillə Mingəçevir şəhəri, A.Şaiq küçəsində hərəkətdə olarkən binanın qarşısından hərəkət edən VAZ 2106 markalı **-BL-*** nömrəli avtomobil onun hərəkət yoluna çıxaraq onun avtomobilinin sol tərəf hissəsindən vuraraq onunla toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinin sol tərəf arxa qapı və qanadına ziyan dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur, heç bir bədən xəsarəti almamışdır. Hazırda onun avtomobilini sığorta şirkəti təmir etdirir. Onun inzibati xəta törətmiş şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 54.6-cımaddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Mingəçevir şəhər prokuroruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə prokurorun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 1154 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, Opel Astra minik markalı **-CE-*** nömrə nişanlı avtomobilə 1784 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi VAZ 2106 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək yol ayrıcı qaydalarını pozaraq Opel Astra minik markalı **-CE-*** nömrə nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə yetkinlik yaşına çatmayan Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, AR İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Yetkinlik yaşına çatmayan Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar