Məhkəmə qərarları › İş №3(051)-403/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-403/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-403/2025 30.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyası, Prokopyevsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 12A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Prokurorluğundan daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata əsasən Şəxs “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinin tələblərini pozaraq çağırış üzrə tibbi müayinəyə (tibbi şəhadətləndirmə) müvafiq icra hakimiyyəti orqanına, yəni yekun rəy verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzrlü səbəblər olmadan getməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir şəhər prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 606-cı maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, o, 2025ci ilin aprel ayının əvvəllərində qarnında yırtıq olduğundan əməliyyat keçirmiş və bu səbəbdən tibbi müayinədən keçə bilməmişdir. Təkrar tibbi müayinəyə cəlb edilməsi barədə müvafiq arayış almışdır. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 606-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən Mingəçevir Şəhər Prokururluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hərbi vəzifəli Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmiş, lakin yekun rəy verilməsi üçün digər əlavə müayinəyə dəvət olunmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müayinəyə gəlməkdən imtina etmişdir. Hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 109/C-25 nömrəli materialda Şəxs əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Şəxs sağ tərəfli qasıq yırtığı diaqnozu ilə stasionar üzrə xx.xx.2025-ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixdə çıxmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 248 №li arayışdan görünür ki, Şəxs təkrar tibbi müayinəyə cəlb edilmiş, mütləq müayinədən keçmiş, əlavə müayinəyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 606.3-cü maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 606.3-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar