Məhkəmə qərarları › İş №3(051)-407/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-407/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-407/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Ağdərə rayonu Sırxavənd kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sahibkar, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Çinar” restoranında ad günü məclisi təşkil etməklə karantin rejimi qaydalarını pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Çinar” restoranın bir hissəsi ona məxsusdur. O, xəstə olması səbəbindən Türkiyə Cumhuriyyətində müalicədə olmuşdur. xx xxxxx 2021-ci il tarixdə xəstə olmasına baxmayaraq restorana gəlmişdir. Restorana gəldiyi zaman restoranda 30- 40 nəfərlik ad günü məclisi təşkil edildiyini bildi, həmin məclisin keçirilməsinə inzibatçı icazə vermişdir. Resporanda karantin rejimi qaydaları pozulmuşdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona məxsus restoranda ad günü məclisi təşkil olunmasından məlumatı olmadığını bildirsə də hesab edirəm ki, bu inandırıcı deyil. Belə ki, təqdim edilmiş xəstəliyə dair sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Türkiyədə stasionar müalicədə olmuşdur. Ad günü təşkil edilən gündə isə restoranda olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta törətməsindən səmimi peşman olması, himayəsində üç nəfər azyaşlı uşaqları olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar