Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-41/2025 10.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş şəxs X2, qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, o, əsassız olaraq X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən AR İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə olunmuşdur. Qeyd edir ki, başqa bir işlə bağlı X16 çağırılıb orada sorğu-sual edilərkən ondan Cehun adlı şəxsi qanuni qüvvəyə minməmiş əmək müqaviləsi olmadan işlətdiyi və bunun inzibati məsuliyyətə səbəb olduğu soruşulmuş, o isə cavabında Cehun adlı şəxslə atasının arasında müqavilə olduğunu bildirmişdir. Onunla Ceyhun arasında hər hansı müqavilə olmadığını bildirmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-ü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında X7 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, qeyd olunan obyekti vəfat etmiş atası X12 adlı şəxsə icarə müqaviləsinə əsasən icarəyə vermişdir. Həmin obyekt vərəsəlik qaydasında anasına keçmişdir. O obyektin yanındakı digər obyekti də icarəyə vermişdir. Özü əvəllər çayxana işlətmişdir. Hazırda obyekti istifadə etdiyinə görə Cehun ona hər ay 200 manat ödəyir. Obyektin sahəsi kiçikdir.( obyektin fotoşəklin göstərir). Cehunla onun arasında yazılı müqavilə bağlanmamışdır. Şifahi razılığa əsasən obyekti icarəyə verib. Cehun obyektdə telefon təmiri və satışı ilə məşğuldur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X8 şikayətlə razılaşmayaraq izahatında bildirdi ki, Mingəçevir Şəhər Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə vəzifəli şəxs X7 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsini alaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 52/11 ünvanında yerləşən, şəxsi mülkiyyətində olan pərakəndə satış obyektində 2023-cü ildən 2024-cü ilin sentyabr ayınadək Şahid ilə əmək müqaviləsi bağlamadan sonuncunu satıcı kimi işə cəlb etməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün X10 Xidmətinə göndərilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X1 Cehun Tofiq oğlunu onunla əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Belə ki, Şahid Xocalı Rayon Polis Şöbəsinə vermiş olduğu izahatında da, mərhum Şahin Fərzəliyevlə arasında əmək müqaviləsinin olduğunu, lakin Zaur Fərzəliyevlə heç bir müqavilə bağlamadığını bildirmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirdi ki, təxminən 5 il öncədən 2024-cü il sentyabr ayının əvvəllərinə qədər Mingəçevir şəhəri, H.Əliyev prospekti 52/11 ünvanında yerləşən mağazada telefon təmiri və satışı ilə məşğul olmuşdur. X4 icarəyə götürmüşdür. Hər ay 200 manat icarə haqqı vermişdir. Bununla bağlı Şahin Fərzəliyevlə aralarında yazılı müqavilə olmuşdur. Şahin Fərzəliyev vəfat etdikdən sonra aylıq icarə haqqını oğlu Zaura verir. Zaurla aralarında yazılı icarə müqaviləsi bağlanmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 22/25(m)-24 nömrəli prokuror qərarına əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə görə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X7 fəaliyyət istiqaməti çayxanalar tərəfindən xidmətlərin göstərilməsi, fəaliyyət obyekti çayxanadır. Hazırda fəaliyyətini dayandırmışdır. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, Şahid ********** saylı VÖEN ilə ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2015-ci il tarixdən uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin) adı telefon təmiridir. xx.xx.2024-cü il tarixli Xocalı RPŞ-yə Şahid tərəfindən verilmiş izahatdan görünür ki, o, X7 ilə əmək müqaviləsi bağlamamışdır. xx.xx.2024-cü il tarixli Xocalı RPŞ-yə X7 tərəfindən verilmiş izahatdan görünür ki, Şahid 5-6 ildir ki, onlara məxsus obyektdə mağaza işlətmiş və 2024-cü ilin sentyabr ayında işdən çıxmışdır. X13 mağazaya rəhbərlik etdiyi dövrdə onunla yazılı müqavilə bağlamışdır. Şahid ilə Zaur Fərzəliyev arasında əmək müqaviləsi və ya icarə müqaviləsi imzalanmamışdır. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs X7 barəsində Mingəçevir Şəhər Prokurorluğunda icraat başlanılaraq aidiyyəti üzrə işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar:
2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Tərəflərin məhkəməyədək verdiyi izahatdan görünür ki, onlardan biri digərinin xeyrinə işin görüldüyünü etiraf etməmişlər. Eyni zamanda işdə olan sübutlardan görünür ki, Şahid özü sahibkardır. Sahibkarlıq istiqamətinin adı telefon təmiridir. Tərəflərin izahatından göründüyü kimi obyektin istifadəsi ilə bağlı Şahid X5 ayda 200 manat icarə haqqı verir. İlkin sübutlarla tərəflər arasında icarə münasibətinin olduğu müəyyən olunur. Halbuki əgər tərəflər arasında əmək münasibətləri mövcud olsa idi X1 Cehun Tofiq oğluna əmək haqqı verərdi. Beləliklə X10 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi inzibati araşdırma apararkən şəxslərin polis şöbəsində verdiyi tamamlanmamış izahata əsaslanmaqla, onlar arasında münasibətləri müəyyənləşdirmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Güləndam Quliyeva