Məhkəmə qərarları › İş №3(051)-415/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-415/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-415/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X4 iştirakı ilə İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İmişli rayon Polis Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 rayon Polis Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icrata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi **-LV-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobillə AGRO DAİRY MMC-dən (Samux rayonu) Qida Aqro-ya (İmişli rayonu) çatdırılması üçün qarğıdalı dəni yük kimi götürülmüşdür. Həmin vaxt onun tərəfindən sözügedən idarə etdiyi avtomobilə AGRO DAİRY MMC tərəfindən 40600 kq qarğıdalı dəni yüklənmiş və sözügedən məhsul ilə dolu olan yük avtomobili İmişli rayon ərazisində YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə İmişli rayon YPX-nin əməkdaşı olan X2 əsassız olaraq onu saxlamaqla ona məxsus nəqliyyat vasitəsini əlavə olaraq tərəzidən keçirməsini tələb etmişdir. Bu səbəbdən də onu 2 gün əsassız olaraq saxlamış, dənli bitkilərə ziyan dəymiş və daha sonra onun barəsində protokol tərtib edilmişdir. Bununla əlaqədar yenidən tərəzidən keçirməklə guya onun nəqliyyat vasitəsinə əlavə 1 ton yük vurulması göstərilmişdir. Belə ki, onun tərəfindən heç bir qanun pozuntusu olmadan əlavə olaraq cərimə olunmuşdur. Halbuki, qanunla nəzərdə tutulmuş yükdaşıma qaydalarına əməl etmişdir. Bundan əlavə onun tərəfindən təqdim edilmiş yükün qəbul və təhvil verilməsi barədə qəbzlərdən də aydın görünür ki, onun yükü çox olmamışdır. Əgər çox olsaydı o zaman yükün bir hissəsi başqa bir maşına yüklənməli idi. Çünki yük ağırdısa, hansı səbəbdən həmin yüklə onun maşınını buraxır. Bu ona qarşı bir qərəz idi və bunu sübut edə bilər. Bundan əlavə o, YPX-nin inspektoruna protokol və tərəzinin çəkilməsi ilə razı olmadığını bildirsə də, buna məhəl qoymadan qərar qəbul olunmuş və heç bir yoxlama aparılmamışdır. Halbuki, o, protokolla razılaşmadıqda bu məsələni yuxarı inspektor araşdırmalı və bundan sonra qərar qəbul etməli idi. Bu cür araşdırma aparan inspektor isə ona araşdırma barədə məlumat verməli, sübutları təqdim etməli, öz tərəzilərinin sertifikatını və uyğunluq sənədlərini göstərməli idi. Lakin buna riayət olunmadan qərar çıxarılmış və bu qərar da öz növbəsində İXM-in tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. O, protokolla razı olmadığı halda qanuna müvafiq olaraq protokola baxılması Mingəçevir DYP-yə göndərilməli və sözügedən hadisə onun iştirakı ilə araşdırıldıqdan sonra qərar çıxarılmalı idi. Lakin nə polis şöbəsinə çağırılmış, nə bu hadisə araşdırılmamış, nə də sözügedən araşdırma Mingəçevir DYP-yə göndərilməmişdir. Sözügedən hadisə ilə əlaqədar heç bir araşdırma aparılmadan qərar çıxarılması tam qanunsuz və əsassızdır. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən sübut etmək inspektorun vəzifəsidir və şübhələr onun xeyrinə tövsif edilməlidir. Bundan əlavə inspektorun əlində hər hansı bir sübut olsaydı o bunu öz qərarında göstərməli idi. Təqsiri sübut olunmamışdır. Ona görə də məhkəmədən İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X9 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş İmişli rayon Polis Şöbəsinin vəzifəli şəxsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilməsi haqqında İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün İmişli rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan İmişli rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:19-da **-LV-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsini idarə edən X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşdə olan İmişli rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən çıxarılmış xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:19-da **-LV-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarının pozulması, İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Ona görə 600 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən X7 verilmiş, xx.xx.2032-ci il tarixədək etibarlıdır və B1,B,C1,C, D1, D, C1E, CE kateqoriyalıdır. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, **- LV-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsinin sahibi X5r. İşdə olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, **-LV-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini etibarnamə üzrə X7 vermişdir. İşdə olan AGRO DAİRY MMC-yə məxsus sənəddən görünür ki, X9 **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə AGRO DAİRY MMC-dən Qida Aqro-ya çatdırılması üçün qarğıdalı dəni yük kimi götürmüşdür. Həmin nəqliyyat vasitəsinə AGRO DAİRY MMC tərəfindən 40600 kq qarğıdalı dəni yüklənmişdir. İşdə olan 02716/3-2023 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, müəssisənin adı "xxxx" MMC (Tovuz), ölçmə vasitəsinin adı X3, yoxlama tarixi xx.xx.2023-cü il göstərilmişdir. Ölçmə zamanı hər hansı bir maneəyə rast gəlinməmiş, yoxlamanın nəticəsi yararlı göstərilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsə xx.xx.2024-cü il tarixdə saat 12:10-da, xx.xx.2024-cü il tarixdə saat 11:25-də, xx.xx.2024cü il tarixdə saat 10:40-da və xx.xx.2024-cü il tarixdə saat 12:00-da keçiriləcək məhkəmə prosesləri barədə məlumat verilmiş və mabahisənin tam, hərtərəfli, obyektiv araşdırılması üçün X4 inzibati xəta törətməsinə və onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın verilməsinə hansı texniki vasitənin göstəricilərinin əsas olması, həmçinin həmin texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, həmin yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt, habelə inzibati xəta haqqında icraat materiallarının təsdiq edilmiş surətlərinin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilsə də, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nə də inzibati xəta haqqında icraat materiallarının təsdiq edilmiş surətlərini və iş üzrə əhəmiyyəti olan hallara dair sübutları məhkəməyə göndəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, İmişli rayonu Yol patrul xidmətinin İnzibati Xətalar haqqında işlər üzrə protokol tərtib etmək və həmin protokol əsasında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsləri inzibati xəta haqqında protokol tərtib edərkən və inzibati tənbeh tətbiq ediməsi barədə qərara qəbul edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X9 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, X4 inzibati xəta törətməsinə və onun barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli TP ******* nömrəli qərarın verilməsinə hansı texniki vasitənin göstəricilərinin əsas olması, həmçinin həmin texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, həmin yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt barədə məlumatlar xx.xx.2024-cü il tarixdə İXM-in 327.1 və 353.2-ci maddələri ilə tərtib edilmiş İXP6299165 nömrəli inzibati xəta haqqında protokolda göstərilməmiş, həmin protokol əsasında verilmiş, inzibati tənbeh vermə haqqında elektron qərara da hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əlavə edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xətanın mahiyyəti, yəni nədə ifadə olunması müəyyən edilməmiş, yəni inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, həmçinin təqdim edilmiş materiallar natamam olmuşdur. Belə olan halda vəzfəli şəxsin həmin protokola baxıb qərar qəbul etməsi istisna olunur. Bununla belə vəzifəli şəxs tərəfindən həmin protokol baxılmış və X4 Azərbaycan Respublikası İXM-in 327.1 və 353.2-ci maddələri ilə təqsirli bilinməsinə dair barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi vəzifəli şəxs tərəfindən İXM-in tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar İnzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi sadalanan hüquq normalarında Qanunverici orqan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edil-edilməməsini, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması ilə bağlı məsələlərin həll edilməsini, həmin tələblər əməl edilmədikdə isə inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməsini imperativ qaydada müəyyən etmişdir. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmamasına, təqdim edilmiş materiallar natamam olmasına və bu hallarıişə baxarkən tamamlamaq mümkün olmamamasına baxmayaraq, vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilməsi haqqında İmişli rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-in tələbləri əhəmiyyətli dərəcədə pozulmaqla qanunsuz qəbul edilmişdir. Belə olan halda, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilməsi haqqında İmişli rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilməsi haqqında İmişli rayon Polis Şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün İmişli rayon Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilməsi haqqında İmişli rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün İmişli rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar