Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-418/2025 24.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinin tələblərini pozaraq xx.xx.2025-cü il tarixdə çağırış üzrə tibbi müayinəyə çağırılmasına baxmayaraq, müvafiq icra hakimiyyəti orqanına, yəni yekun rəy verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə üzrlü səbəblər olmadan getməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin Səfərbərlik Bölməsinin əməkdaşı X2 və Şəxs izahatları, Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən şəhər prokurorluğuna daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-43-45/2-789/25 nömrəli məktub ilə öz təsdiqini tapmışdır . X4 şəhər prokurorluğuna vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 30 yaşı tamam olana qədər hər 3 (üç) ildən bir təkrar tibbi müayinədən keçməli olması ilə əlaqədar məlumat verilməsinə baxmayaraq, həmin şəxs üzrlü səbəb göstərmədən yekun rəy verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə getməmişdir. Şəxs şəhər prokurorluğuna vermiş olduğu izahatında bildirmişdir ki, təxminən mart ayının sonlarında Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən ona zəng edən şəxsə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim-rezident vəzifəsində işlədiyini, həmin gün tibbi müayinəyə gedə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı Şəxs izahatında 2025-c ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin Səfərbərlik Bölməsinin əməkdaşı ona zəng edərək yekun rəyin verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Mərkəzinə tibbi müayinədən keçməli olduğunu bildirmişdir. Həmin müddətdə o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkimrezident vəzifəsində işlədiyini bildirmişdir. Qeyd etmişdir ki, xidmətin əməkdaşı tərəfindən zəng edilən vaxt cərrahiyyə otağında əməliyyat icra etdiyi üçün telefon zəngini tibb bacısı cavablamış, həkim Şəxs cərrahi əməliyyat icra etdiyini və telefonla danışa bilməyəcəyini qarşı tərəfə bildirmişdir.Sonuncu telefon zəngindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər X1 yekun rəyin verilməsi üçün təkrar tibbi müayinədən keçməli olması ilə bağlı zəng olunmamışdır. Hal-hazırda yekun rəyin verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya mərkəzinə tibbi müayinədən keçdiyini və əlavə olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən ona verilmiş 24 iyun 2025-ci il tarixli “245” saylı arayışı təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir Şəhər Prokurorluğuna 13 iyun 2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, 24 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında prokurorluğun nümayəndəsi hər hansı üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə inzibati işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşə materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Prokurorluğunun 09 iyun 2025-ci il tarixli qərarına əsasən xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xətaq haqqında iş üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin 24 iyun 2025-ci il tarixdə saat 11:30-da Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında baxılması barədə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materialında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini imza etməklə qəbul etmişdir. İş materialında olan Şəxs verilmiş 24 iyun 2025-ci il tarixli “245” saylı arayışdan görünür ki, Şəxs təkrar tibbi müayinəyə cəlb edilmiş, mütləq və əlavə müayinələrdən keçmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 606-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə, Şəxs sonradan tibbi müayinə (tibbi şəhadətləndirilmə) ilə əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməsini, təkrar tibbi müayinəyə cəlb edilməsini, mütləq və əlavə müayinələrdən keçməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-nin 606.3-cü maddəsinin inzibati xəta tərkibi aradan qalxmışdır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, müvafiq icra hakimiyyəti orqanının arayışını və eyni zamanda inzibati xəta haqqında iş materialında olan digər sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-418/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-418/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver