Məhkəmə qərarları › İş №3(051)-419/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-419/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-419/2025 08.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Şəxs MMC (VÖEN:**********) 19 aprel 2023-cü il tarixdə 13100.00 ABŞ dolları məbləğində vəsaiti avans olaraq xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 13100.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Ona görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs MMC (VÖEN:**********) barəsində 20 may 2025-ci il tarixli, EP0255301 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 13100.00 ABŞ Dolları məbləğində vəsait 19 aprel 2023-cü il tarixində xaricə köçürülmüş, lakin 2 il müddət keçmədən müvafiq mallar ölkəyə idxal edilmişdir. Bununla bağlı sorğu nömrəsi **********928 olan gömrük bəyannaməsini məhkəməyə təqdim edir. Anlaşılmazlığa səbəb Kapital Bank tərəfindən müvafiq məlumatların Mərkəzi Banka gec göndərilməsi olmuşdur. X3 da məlumatlarında həmin məsələlər öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 13100.00 ABŞ dolları məbləğində vəsaiti 19 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13100.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 aprel 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni Mingəçevir şəhəri ünvan 1u nömrəsi **********928 olan gömrük bəyannaməsindən görünür ki, müqaviləyə uyğun olaraq Türkiyə Respublikasında fəaliyyətdə göstərən “BERVİN DİŞ TİCARET LTD.ŞTİ” tərəfindən Şəxs MMC-yə göndərilmiş mallar 01 fevral 2023-cü il tarixdə gömrükdən idxal olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli №OX4 saylı ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyətdə olan “BERVİN DİŞ TİCARET LTD.ŞTİ”-yə 19 aprel 2023-cü il tarixdə 13100.00 ABŞ dolları avans ödənişi AZ64AİİB401600D**********129 hesabdan TR********************5311 saylı hesaba daxil edilmişdir. Bununla da Şəxs MMC-nin 19 aprel 2023-cü il tarixdə 13100.00ABŞ dolları avans köçürməsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 19 aprel 2023-cü il tarixdə xaricə, Türkiyə Respublikasında fəaliyyət göstərən “BERVİN DİŞ TİCARET LTD.ŞTİ”-in hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar 01 fevral 2023-cü il tarixdə **********928 nömrəli gömrük bəyannaməsinə əsasən ölkəyə idxal edilmişdir. Ona görə, məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar