Məhkəmə qərarları › İş №3(051)-428/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-428/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-428/2024 26.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir şəhər PŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəki şəhər, Qayabaşı Ərazi Dairəsi, Qayabaşı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Mingəçevir şəhər PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il ildə “Opel Astra” minik markalı 77BX587 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 331.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək göstərdi ki, o, özü maşını saxlayaraq marketə düşmüşdür. Polis əməkdaşı onu 30 metr məsafədən əllə çağırdı. Ona içki içib, içmədiyini bildirmişdir. O, bildirdi ki, 50-100 qram içki içmişdir. Lakin üstündən bir sutka keçmişdir. Aparatla yoxladı sonradan isə həkimdən tibbi müayinədən keçməyi bildirdi. Lakin həmin vaxt onu həkim yox ferdşer yoxlamışdır. Onu Səhiyyə Nazirliyi tərəfindən verilmiş aparatla deyil, adi bir aparatla yoxladılar. Yoxlama zamanı ona heç bir sənəd də təqdim edilməmişdir. Onu alkotestr aparatından keçirməmişlər. O, həmin vaxt içkili olmamışdır. O, özü yenidən Şəki rayonunda alkotestr müayinədən keçmişdir. Hesab edir ki, prorotokol əsassızdır. Məhkəmə iclasında Mingəçevir şəhər PŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 protokola uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta Haqqında Protokoldan görünür ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirmə barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər DYP tərəfindən nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 1346 saylı X1 müayinəsi Aktından görünür ki, hadisə törədilən zaman Şəxs alkoqol istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətdə olmuşdur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 94.2. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. 333.1 nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi 1) nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2) ayaq üstə sərbəst dayana bilmədikdə; 3)özünü idarə edə bilmədikdə həyata keçirilir. 2.3-cü maddəyə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.7-ci maddəyə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə hesab edir ki, Şəxs aparılan müayinə qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq aktlaşdırılmışdır. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım:

Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar