Məhkəmə qərarları › İş №3(051)-428/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-428/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-428/2025 25.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi – “Konsesnsus” Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Nəsibov X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2540/2022 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 2540/2022 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 25851 manat məbləğində pul və 171 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26022 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Hüquqi ünvanı ünvan 3-nin qanuni təmsilçisi Şəxsdur, vəzifəli şəxsdir(VÖEN: **********). İcra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə icra idarəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra da bir neçə dəfə icra idarəsinə çağırılaraq izahatları alınmış və qeyd olunan borcdan yalnız bir dəfə 600 manat məbləğində tələbkara ödəniş etmişdir. Hal-hazırda tələbkara cəmi 25422 manat məbləğində borc pul məbləği qalmış, hal-hazıra kimi müxtəlif bəhanələr gətirərək borcun icra olunması ilə bağlı qanuni tələblərimi yerinə yetirməkdən yayınmışdır. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu "xxxx" MMC-nin qanuni təmsilçisi – Şəxs barəsində vəzifəli şəxs qismində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, heç bir yerdə işləmədiyi üçün tələbkara olan borcunu ödəyə bilməmişdir. Ancaq işləyəcəyi təqdirdə borcunu ödəyə biləcəyini qeyd etmişdir. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs nümayəndəsi – Vəkil bildirmişdir ki, bir dəfə 600 manat pul istisna olmaqla, borclu Şəxs məhkəmə qətnaməsinin çıxarılamasından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq tələbkara olan borcunu ödəməmişdir. Hətta, Şəxsla borcdan hissə-hissə ödənişin həyata keçirilməsi ilə bağlı bir neçə dəfə razılıq əldə olunsa da borclu müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Göstərilən halları nəzərə alaraq borclu barəsində ən ağır inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2540/2022 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 25851 manat məbləğində pul və 171 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26022 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin internet portalından əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 4isi Şəxsdur(VÖEN: **********). İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2540/2022 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs Mingəçevir şəhər İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, "xxxx" MMC-nin həm qanuni təmsilçisi, həm də təsisçisi olduğunu, hal-hazırda şirkətin fəaliyyətinin 2050-ci ilədək müvəqqəti dayandırıldığını bildirmişdir. İcra sənədinin icrasından xəbərdar olduğunu, sifarış əsasında şirkət adından X4 ev tikməyi öhdəsinə götürsə də həmin öhdəliyi icra edə bilmədiyindən ona borcu yarandığını və maddi imkanı aşağı, işsiz olduğu üçün həmin borcu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, hal-hazırda Şəxs tərəfindən borcdan 600 manat ödənildiyi göstərilmiş və qalan 25422 manat borcun icra məmuru tərəfindən tələbkara ödənilməsi tələb olunmuş, əks halda borclu barəsində inzibati protokol tərtib olunmaqla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq elan olunmuşdur.. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən borclu Şəxs adına dövlət reyestrində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs izahatından və Dövlət Vergi Xidmətinin internet portalından əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 4isi və təsisçisi Şəxsdur(VÖEN: **********). Hazırki icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi də Şəxs sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borcuna görə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və hazırki icra sənədi də məhz həmin fəaliyyətinin nəticəsində yaranmış münasibətlərə görə verildiyi üçün o, vəzifəli şəxs hesab edilməlidir. Həmçinin iş materiallarında olan borclunun axtarışı haqqında qərar, xəbərdarlıq məktubu, bildiriş və izahatlardan məhkəmə belə nəticəyə gəlir ki, borclu Şəxs vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2540/2022 saylı icra sənədini icra etməkdən yayınmışdir. Belə ki, iş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(008)-2540/2022 saylı icra sənədinin icrasından iki ildən çox vaxt keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya bir neçə dəfə xəbərdarlıq edilsə də borclu həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Hətta məhkəmə hesab edir ki, Ramin Səfərovun izahatında qeyd etdiyi halları da(“işsiz olması”, “maddi imkanının aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar