Məhkəmə qərarları › İş №3(051)-432/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-432/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-432/2024 11.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi: X2 İnzibati xəta törətmiş şəxs yetkinlik yaşına çatmayan: Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Mingəçevir Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2008-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi MERCEDES BENZ E200 minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21074 minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Yetkinlik yaşına çatmayan Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi göstərdi ki, yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi MERCEDES BENZ E200 minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21074 minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində etibarnamə əsasında valideyni Qanuni nümayəndə məxsus olan MERCEDES BENZ E200 minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospektində hərəkət edən zaman sola dönmə əməliyyatı aparmışdır. Bu zaman düzünə hərəkət edən VAZ 21074 minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmışdır. Həmin vaxt VAZ 21074 minik markalı avtomobillə toqquşmuşdur. Belə ki, həmin avtomobilin qabaq hissəsi idarə etdiyi avtomobilin qabaq sağ qapısından dəymişdir. Hadisə zamanı valideyni də onunla birlikdə avtomobildə olmuşdur. Avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 21074 minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, M.Maqomayev küçəsindən H.Əliyev prospektinə çıxan zaman, qarşı tərəfdən, yəni M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinə dönmə əməliyyatı aparan avtomobil onu buraxmadan onun avtomobili ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin yol ayrıcı keçmə qaydasını pozması olmuşdur. Hadisə zamanı bədən xəsarəti almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Hazırda ona dəyən ziyan ödənilməmişdir. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli 1249 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, VAZ 21074 minik markalı **-EN-*** nömrə nişanlı avtomobilə 1371 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmiş, sürücü Şəxs və atası Qanuni nümayəndə barəsində Mingəçevir ŞPŞ-nin DYPB-nin YNH-i üzrə inspektoru Azər Həsənov tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli və ******* nömrəli inzibati protokolla tədbir görülməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində idarə etdiyi MERCEDES BENZ E200 minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələblərini pozaraq VAZ 21074 minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə yetkinlik yaşına çatmayan Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, AR İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar